Keçən müsahibədə sizə gənc rəssamlardan birini tanıtmışdıq. Bu dəfəki hədəfimiz isə Məhər Məhərrəmov oldu. SİA-nın növbəti müsahibi daha çox qadın portretləri çəkməklə diqqətimizi cəlb etdi.
Qeyd edək ki, Məhər 1997-ci ildə 1 saylı uşaq incəsənət məktəbinin təsviri sənət ixtisasına qəbul olub. 2004-cü ildə Gəncə Qarnizonu Zabitlər evində 2 il rəssamlıq təhsili alaraq oranı qırmızı diplomla bitirib. 2004-cü ildə "Dan Ulduzu" müsabiqəsində rəssamlıq üzrə 2-ci yerə və diploma layiq görülüb.
Məhərlə söhbətimizdən aydın oldu ki, o həyatı dərk edən gündən rəssamlıq edir. Əslində, uşaq vaxtı hamı "çəkir." Ancaq istedadlı uşaqlar necə olur-olsun fərqlənirlər.
- Elə bir rəssam tapılmaz ki, müəllimi olmasın. Hər halda sənə istiqamət verən, professionallıq sirrlərini açan müəllimlərin olub?
- İki müəllimin olub, Xumar müəllimə və Bayram müəllim. Onlara çox şey borcluyam.
- Şəkillərinin çoxu qadın portretləridir. Bunun özəl bir səbəbi var, yoxsa bir çox kişi rəssamları kimi səni də ancaq qadınlar maraqlandırır?
- Qadın portretlərinə marağım çoxdur. Qadınlar gözəllik simvolu olduqlarına görə onları çəkirəm ki, rəsmlərimdə qadın gözəlliyi öz əksini tapsın.
- Rəssamlıq sənin üçün nə deməkdir?
- Mənim bir sənətim var o da rəssamlıq. Mən bu sənətə nə dırnaqarası nə də xobbi kimi baxmıram. Baxanlar da rəssam adına layiq deyil.
- Mənim şəxsən sürrealizmə böyük marağım var, sizin necə?
- Bütün çəkilən şəkillərə hörmətlə yanaşıram amma sürrealizm mənim diqqətimi cəlb etmir.
- Bir az gələcək planlarından danış...
- Mən yeniliklər etməyi çox sevirəm. Ona görə də əl işlərimi daha çox şüşə üzərində çəkərək kolleksiyalarımı artırıram. İndi isə növbəti fərdi sərgimə hazırlaşıram. Bundan sonra isə "Yeddi gözəl" poemasının keramikadan kuklalarını hazırlayacam.
- Azərbaycan və ya xarici rəssamlardan kimləri bəyənib daima onun yaradıcılığını izləyirsən?
- Bütün rəssamlara sevgim və marağım böyükdür. Ən çox sevdiyim rəssam Leonardo Da Vinci, bizim rəssamlardan isə Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyovdur.
- Gənc rəssamlara nə demək istəyərsən?
- Onlara məsləhətim budur ki, rəssamığa hobbi kimi baxmasınlar. Bu işlə daima məşğul olsunlar və heç vaxt ruhdan düşməsinlər. Ən əsası, başqalarının sənətinə hörmət etsinlər ki, başqaları da onlara hörmətlə yanaşsın. Sonda özüm və bir çox gənc rəssamların adından SİA-ya təşəkkür edirəm ki, bizə dəstək olursuz.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB