Nina Badriç: \"Azərbaycan mətbəxindən ayran və qutabı çox bəyəndim\"- MÜSAHİBƏ
Xorvatiyanı Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində Nina Badriç adlı məşhur müğənni təmsil edəcək. N.Badriç 1993, 1994, 1995 və 2003-cü illərdə Xorvatiyanı bu müsabiqədə təmsil etmək arzusunda olub. Hətta 2003-cü ildə Milli Seçim turunda 2-ci yerə kimi yüksəlib. Gənc yaşlarından musiqi ilə məşğul olan N.Badriçin \"Godine nestvarne\" adlı ilk albomu 1995-ci ildə işıq üzü görüb. Nina müxtəlif musiqi müsabiqələrində uğurla çıxış edib. Bu gün o, Xorvatiyanın ən məşhur estrada ulduzlarından biridir. Təmsilçi müsabiqə çərçivəsində SİA-ya müsahibəsində şəhərimiz və yarışma haqqında fikirlərini bildirib.
- Səhnədə 20 illik təcrübəniz var. Yəqin ki, bu təcrübə həyəcanınızı bir az azaldar...
- 20 illik səhnə təcrübəm olmasına baxmayaraq Eurovision mahnı müsabiqəsində daha əvvəl iştirak etmədiyimə görə həyacanlıyam. 9 yaşımdan oxumağa başlamışam. Bu isə mənim nə dərəcədə musiqiyə bələd olduğumu sübut edir. Lakin bu yarışma məsuliyyətli və önəmli iş olduğu üçün həyacan çoxdur.
- Artıq ikinci məşqinizi etmisiniz. İlk məşqinizlə fərqi nə idi?
- İlk məşqdə bəzi problemlərim vardı. Ancaq 2-ci məşq çox yüksək səviyyədə keçdi və mənə xoş oldu.
- Bəzi təmsilçilər var idi ki, müsabiqədən sonra karyeralarında durğunluq yaranırdı. Bəs, sizdə necə olacaq?
- Bəzi məşhurların Eurovision mahnı müsabiqəsindən sonra karyerası dayanır, ya da durğunluq olur. Mən irəli getmək istəyirəm. Və bu yarış karyerama təkan verəcək.
- Müsabiqədə əsas performans, yoxsa ifa önəmlidir?
- Hər iki amil vacibdir. Hər ikisi bir arada olanda daha effektiv olur. Mən də əlimdən gələni edəcəyəm ki, hər ikisi də uğurlu olsun.
- İncəsənət sahəsindən başqa nəyə marağınız var?
- Başqa marağım səyahət etməkdir.
- \"Eurovision- 2012\"də hansı ölkə təmsilçisini bəyənirsiniz?
- Bu yarışmada favoritim İsveç təmsilçisi Lorendir. Onun çox fərqli ifa tərzi var və səsini çox bəyənirəm.
- İkinci yarımfinalda çıxış edəcəksiniz. Bildiyiniz kimi, sizinlə eyni səhnəni paylaşanlar çox güclü ifaçılardır. Özünüzə rəqib kimi görürsünüz?
- Müsabiqədə hamı rəqibdir.
- Azərbaycanın mədəniyyəti, musiqisi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın milli mahnılarından və estradasından xəbərim var. Tünzalə Ağayevanı çox bəyənirəm. Onunla duet oxumağı çox istərdim.
- Milli mətbəximizdən dadmısınız. Yeməklərimizdən hansı xoşunuza gəlib?
-Bakının yeməkləri əvəzolunmazdır. Xüsusilə də ayran və qutabı çox bəyəndim.
- Müsabiqənin keçiriləcəyi \"Bakı Kristal Zal\"ı necə dəyərləndirdiniz?
- Müsabiqənin keçiriləcəyi arena bizim gözlədiyimizdən də gözəl alınıb.
- Azərbaycan və Xorvatiya arasında nə kimi oxşarlıqlar var?
- Hər iki ölkə arasında oxşarlıq çoxdur. Hər iki ölkəni qonaqpərvərlilik, istiqanlılıq və səmimiyyət birləşdirir. Azərbaycanda olduğuma görə şadam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB