“Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” adlı foto və rəsm sərgisinin açılışı keçirilib

“Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” adlı foto və rəsm sərgisinin açılışı keçirilib

Bu gün Muzey Mərkəzində "Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir" adlı foto və rəsm sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşlarına qara hərflərlə yazılıb: "Şuşanın bir çox mədəniyyət və tarixi abidələri erməni vandalizminin qurbanı olub. Şəhərin tarixi muzeyinin 5 mindək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı və bir sıra xatirə muzeylərinin fondları qarət edilib. Bir sıra abidələr isə zədələnmişdi. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilib və hazırda İncəsənət Muzeyində nümayiş etdirilib".

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə çıxışında vurğulayıb ki, Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb: "Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, işğal nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb".

Sərginin davamında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən fotolara baxış keçirilib. Sərgidə 150-ə yaxın sənət əsəri nümayiş olunub.

Məlumat üçün bildirək ki, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Ombudsman Elmira Süleymanova, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov, Sevinc Hüseynova və başqaları iştirak edib.

Qeyd edək ki, sərgi mayın 9-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə