Mənsum İbrahimov: “Əsas məqsədimiz gənclərin muğama olan həvəs və marağını artırmaqdır”

Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Gəncləşən muğam" layihəsi yenidən öz işinə başlayıb. Bunu SİA-ya açıqlamasında layihə rəhbəri bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi eyni olaraq qalır: "Əsas məqsədimiz gənclərin muğama olan həvəs və marağını artırmaqdır. Layihənin hazırlıq işləri artıq başlayıb. Bu dəfəki konsert daha geniş proqramla yadda qalacaq".

Digər xanəndələrin tələbələri ilə yanaşı, həm də xalq artistinin tələbələrinin, gənc tar-kamança ifaçılarının səhnəyə çıxacağını deyən M. İbrahimov: "Konsertdə 15 trio, 40-a qədər də ifaçı iştirak edəcək. Bununla yanaşı, konsertdə özüm də əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə bir musiqi nömrəsi səsləndirəcəyəm",- əlavə edib.

Qeyd edək ki, "Gəncləşən muğam-3" gələn il yanvarın ilk ongünlüyündə Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə