“MİRAS” İB II Qara dəniz Turizm və Səyahət Sərgisində - FOTO

“MİRAS” İB II Qara dəniz Turizm və Səyahət Sərgisində - FOTO

Noyabrın 24-də Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində Trabzon Valiliyi, Bələdiyyə Başqanlığı, Ticarət və Sənaye Odası, İl Kültür və Turizm Müdürlüyü tərəfindən dəstəklənən, Tureks Fuarcılık tərəfindən təşkil edilən II Qara dəniz Turizm və Səyahət Sərgisi açılıb. Türkiyə, Azərbaycan, Gürcüstan, İran və başqa ölkələrdən 100-dən çox firma və agentliyin qatıldığı sərgidə Azərbaycanı alternativ turizm, xüsusilə arxeoloji turizmin təbliği sahəsində geniş fəaliyyət göstərən "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edir.

Sərginin açılışında Ordu Valisi Orhan Düzgün, Trabzon vali yardımçısı Hahmut Halal, Trabzon bələdiyyə başqan yardımçısı Hüseyn Turan, Trabzon ticarət və sənaye odası başqanı M.Suat Hacısalihoğlu, İranın Trabzondakı baş konsulu Ali Nikan, Trabzon il kültür və turizm müdiri İsmayıl Kansız və digər dövlət rəsmiləri iştirak ediblər.

MİRAS İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sərgiyə qatılmış, Azərbaycanın turizm potensialını əks etdirən kitab, broşür, xəritə, film nümayiş etdirir. "Ağsu möcüzəsi" sərgisinin materialları – fotoqraf Məmməd Rəhimovun fotoları, rəssam Cahangir Əhmədovun rəsmləri, heykəltəraş Vüqar Quliyevin heykəlləri sərgi iştirakçılarında maraq doğurur. MİRAS İctimai Birliyinin kitab və broşürləri, filmlərinin CD-ləri sərginin ziyarətçiləri arasında yayılır.

Trabzon Dünya Ticarət Mərkəzində açılan sərgi 25-27 noyabr tarixlərində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə