“İçərişəhər” yüksək liqada yarışacaq

“İçərişəhər” yüksək liqada yarışacaq

I İçərişəhər İntellektual Festivalının qalibi olan komanda Xəzər İntellektual Gənclər Klubunun sıralarında çıxış etmək hüququ qazanıb. Müxtəlif universitetlərdə təhsil alan komanda üzvləri peşəkar intellektual oyunlarda karyeralarını davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Xəzər İntellektual Gənclər Klubundan SİA-ya verilən məlumata görə "İçərişəhər" adı ilə çıxış edəcək komanda festivalın qalibi olmaqla Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Universitet liqası" layihəsində birbaşa iştirak hüququ əldə ediblər. Təşkilatdan verilən məlumata görə "İçərişəhər" komandasının klubun yüksək liqasında və gələcəkdə təşkil edəcəyi digər turnirlərdə iştirakına hər cür şərait yaradılacaqdır. Xəzər İntellektual Gənclər Klubun sədri Seymur Teymurov intellektual oyunlara yenicə qoşulan gənclərin klub tərəfindən hər zaman dəstəkləndiyini deyərək, onların peşəkar bilicilərə çevrilmələri üçün lazımi addımların atılacağını bildirib.

Qeyd edək ki, I İçərişəhər İntellektual Festivalı 25 iyunda Xəzər İntellektual Gənclər Klubu, İrəli İctimai Birliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd gənclər arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və tarixi irsimizi təbliğ etməkdir.

Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hal-hazırda BDU, ATU və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə