“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. 2023-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ötən vaxt ərzində Laçın rayonunda çox böyük işlər həyata keçirilib: “Bu gün Laçın rayonu böyük bir tikinti meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi aparılır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. Həmin ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Qazanılan zəfərdən keçən beş ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir. Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Dövlət başçısının qeyd etdiyi kimi, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.
Bütün xəbərlər Facebook səhifəmizdə