"Kinoya getmək dəbdən düşmür. Əksinə, bu sahədə dirçəliş müşahidə olunur. Televiziya ölür, amma kinoteatrlar yaşayır". Bunu SİA-ya açıqlamasında rejissor Ayaz Salayev deyib.
Rejissor Ayaz Salayev son dövrlərdə “kinoya marağın azaldığı” fikirləri ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, kinoteatrlar əvvəlki kimi öz aktuallığını qoruyur: "Böyük ekranda göstərilən filmi heç nə əvəz edə bilməz. Pandemiya dövründə insanlar cəmiyyət arasına çıxmağa daha çox ehtiyac hiss etdi, bu da kinoteatrlara marağı artırdı".
Kino tarixçisi Aydın Kazımzadə isə kino sənətinin keçmiş intibah dövrünü xatırladaraq, bu gün yaşanan çətinliklərə toxunub: “1960-cı illərin sonu, 1970-1980-ci illərin əvvəli Azərbaycan kinosunun intibah dövrü idi. Heydər Əliyevin Moskvaya getdiyi vaxta qədər kino sənəti çiçəklənirdi. Sonra isə müharibələr, iqtisadi çətinliklər və xaos kinonu geriyə apardı. Pul yox idi, aktyorlar bir-bir dağıldı. Kinonu özümüz dağıtdıq".
Kazımzadə bildirib ki, həmin dövrdə kinostudiyada olan avadanlıqlar, geyimlər və aksesuarlar sahibsiz qalıb, paylanıb.
O, həmçinin 1976-cı ildə yaradılan, lakin sonradan ləğv olunan kino muzeyindən də söz açıb: “Azərbaycan kinosunun 60 illiyi münasibətilə kinostudiyada muzey yaratdıq. Amma bir müddət sonra muzey ləğv olundu. Daha sonra Dövlət Film Fondu yaradılanda həmin muzeyi yenidən təşkil etdim".
Bununla belə, kinoşünas kinonun tamamilə yoxa çıxdığını düşünmür. Onun sözlərinə görə, yeni nəsil artıq bu sahədə aktiv fəaliyyət göstərir: “İndi də yaxşı filmlər çəkilir. "Vicdan əzabı", "Yuxu kimi" və s. ekran əsərləri diqqətəlayiqdir. Bakı Media Mərkəzinin çəkdiyi "Tağıyev", "Son iclas", "Əbədi ezamiyyət" filmləri əntiqə səviyyəsindədir. Kino yaşayır, amma onu yaşatmaq üçün düzgün və sistemli yanaşma lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə