“İmtahan həyəcanı uğurun qarşısını almamalıdır” -PSİXOLOQ DANIŞDI

İmtahan dövrü yaxınlaşdıqca həm şagirdlər, həm də valideynlər arasında həyəcan və narahatlıq artır. Bir çox insanlar imtahan həyəcanını mənfi hal kimi qiymətləndirsələr də, psixologiyada bu vəziyyət tamamilə normal və təbii reaksiya hesab olunur. Hətta müəyyən səviyyədə həyəcan insanın diqqətini toplamasına, məsuliyyət hissini artırmasına və daha yaxşı nəticə göstərməsinə kömək edir”.

Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, problem həyəcanın özündə deyil, onun idarəolunmaz səviyyəyə çatmasındadır:

” Həyəcan normadan artıq olduqda şagirdin düşünmə, analiz etmə və bildiklərini tətbiq etmə qabiliyyəti zəifləyir. Bəzi hallarda uşaq aylarla hazırlaşdığı mövzuları belə xatırlamaqda çətinlik çəkir. Bu vəziyyət isə biliyin azlığından deyil, yüksək psixoloji gərginlikdən qaynaqlanır.

İmtahan öncəsi yaranan stressə təsir edən amillərdən biri də ailə mühitidir. Valideynlərin üzərinə bütün məsuliyyəti qoymaq düzgün olmasa da, onların davranışlarının uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərdiyi danılmaz faktdır. Bəzən valideynlər yaxşı niyyətlə övladlarını daha çox çalışmağa həvəsləndirmək istəyirlər. Lakin davamlı olaraq yüksək nəticə tələb etmək, digər uşaqlarla müqayisə aparmaq və ya uğursuzluq ehtimalını tez-tez xatırlatmaq uşağın üzərində əlavə təzyiq yaradır.

Xüsusilə “filankəs daha yüksək bal toplayacaq”, “sən mütləq ən yaxşı nəticə göstərməlisən” və ya “bu imtahan sənin gələcəyini həll edir” kimi ifadələr uşağın məsuliyyət hissini artırmaq əvəzinə onun narahatlığını daha da gücləndirir. Nəticədə imtahan biliyin yoxlanılması prosesindən çıxaraq uşaq üçün qorxu və təzyiq mənbəyinə çevrilir.

Psixoloqların diqqət çəkdiyi digər mühüm anlayış isə stresə qarşı dözümlülük, yəni rezilyensdir. Bəzən buna “psixoloji immunitet” də deyilir. Bu xüsusiyyət bir neçə ay ərzində formalaşmır və yalnız imtahan ilində yaranmır. Onun təməli uşaqlıq dövründən qoyulur.

Uşağın öz fikrini sərbəst ifadə edə bilməsi, müəyyən qərarları müstəqil verməsi, səhv etmək hüququnun tanınması və emosiyalarını açıq şəkildə paylaşa bilməsi onun psixoloji dayanıqlığını artırır. Əksinə, daim nəzarət altında böyüyən, hər addımı tənqid edilən və səhv etməkdən qorxan uşaqlar stresli vəziyyətlərdə daha çox çətinlik yaşayırlar.

İmtahan həyəcanı ilə mübarizədə əsas məqsəd həyəcanı tamamilə yox etmək deyil. Çünki bu, nə mümkün, nə də faydalıdır. Əsas məqsəd uşağa öz emosiyalarını idarə etməyi öyrətməkdir. Həyəcanı idarə edə bilən şəxs onu motivasiya mənbəyinə çevirə bilir və öz potensialını daha rahat ortaya qoyur.

Bu baxımdan imtahan şəraitini əvvəlcədən canlandıran sınaq imtahanları və simulyasiyalar olduqca faydalıdır. Belə təcrübələr uşağın imtahan mühitinə alışmasına və naməlumluq qorxusunu azaltmasına kömək edir. Bundan əlavə, nəfəs məşqləri, relaksasiya texnikaları, kifayət qədər yuxu və düzgün qidalanma da psixoloji gərginliyin azalmasında mühüm rol oynayır.

Mütəxəssislər qeyd edirlər ki, uşaqların diqqətini nəticədən daha çox prosesə yönəltmək lazımdır. Yəni əsas məqsəd yalnız yüksək bal toplamaq deyil, bilik qazanmaq, zəhmət çəkmək və öz imkanlarını maksimum səviyyədə göstərmək olmalıdır. Uşağa “uğursuzluq həyatın sonu deyil”, “bir imtahan insanın bütün gələcəyini müəyyən etmir” düşüncəsinin aşılanması onun özünəinamını qorumağa kömək edir.

İmtahan həyəcanı hər bir şagirdin yaşaya biləcəyi normal psixoloji reaksiyadır. Vacib olan bu hissdən qorxmaq deyil, onu düzgün idarə etməyi bacarmaqdır. Ailə, məktəb və cəmiyyət birlikdə uşaqlara dəstək olduqda, imtahan dövrü qorxu və təzyiq mənbəyindən inkişaf və təcrübə mərhələsinə çevrilə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə