“Magistr diplomu daha yüksək maaş, daha prestijli iş və uğurlu karyera deməkdir.” Uzun illərdir formalaşan bu fikir bu gün də minlərlə gəncin seçimlərinə təsir edir. Bəs əmək bazarında vəziyyət necədir? Təkcə magistr təhsili ilə yaxşı iş tapmaq mümkündürmü?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu gün əmək bazarı magistr diplomunu əsas şərt kimi qəbul etmir:
“Yəni, işəgötürənlərə yaxşı mütəxəssis lazım olduqda, onlar bu seçimi məzunların və bakalavrların qarşısında tələb kimi qoymurlar. Əgər bakalavr diplomu almış şəxs həmin idarənin, müəssisənin və ya təşkilatın işinə yarayacaq səviyyədə bilik və bacarıqlara malikdirsə, ondan magistr diplomu tələb olunmur.
Ona görə də ötən ilin statistikasına nəzər salsaq, görərik ki, çox sayda magistratura yeri boş qalıb. Bu, təxminən 3 min nəfəri əhatə edirdi. Onlardan 1200-ü dövlət sifarişi əsasında ayrılmış yerlər idi. Təsəvvür edin ki, dövlət sənə vəsait ayırır ki, magistr təhsili alasan və əmək bazarında öz yerini tuta biləsən. Amma problem ondadır ki, bu gün universitetlərimizin bakalavr səviyyəsində əmək bazarının tələblərinə tam cavab verən mütəxəssislər hazırlaması ilə bağlı müəyyən çətinliklər qalmaqdadır.
Məsələn, əmək bazarında artıq süni intellekt texnologiyalarının tətbiqi genişlənir, böyük təşkilatlar, müəssisələr, fabrik və zavodlar bu istiqamətdə inkişaf etməyə çalışırlar. Amma gəlin görək, biz bu sahədə nə qədər irəliləmişik? Eyni vəziyyət informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi sahələrdə də müşahidə olunur. Bu sahələr üzrə magistr təhsili alanların bir çoxu əlavə kurslar keçmədən, xaricdə və ya ölkə daxilində yüksək səviyyəli mütəxəssislərdən dərs almadan əmək bazarının tələblərinə tam cavab verə bilmir. Deməli, sadəcə magistr diplomu almaq və sonradan müəyyən vəzifələrə təyin olunmaq insanın yaxşı mütəxəssis olması anlamına gəlmir.
Bu baxımdan düşünürəm ki, Azərbaycanda magistratura təhsili üçün yeni və daha effektiv proqramlar hazırlanmalıdır. Magistrantlar üçün imkanlar genişləndirilməli, onlara elə təqaüdlər verilməlidir ki, əlavə işləməyə ehtiyac duymasınlar. Hazırda magistrantların böyük əksəriyyəti işləyir. Elə buna görə də əksər universitetlərdə magistratura dərsləri axşam saatlarında keçirilir. Məqsəd odur ki, onlar gündüz işləsin, axşam isə təhsil alsınlar.
Lakin magistratura təhsili mahiyyət etibarilə yaradıcı və elmi fəaliyyət mərhələsidir. Magistrantlar elmi müəssisələrdə, kitabxanalarda, laboratoriyalarda və müxtəlif təşkilatlarda araşdırmalar aparmalı, elmi işlər hazırlamalı və onları müdafiə etməlidirlər. Magistraturanın növbəti mərhələsi doktorantura olduğuna görə, burada elmi kadr hazırlığı baxımından da mühüm rol mövcuddur.
Təəssüf ki, hazırda elm sahəsinə yönələn gənclərin sayı azdır. Bunun əsas səbəblərindən biri motivasiyanın zəif olmasıdır. Əgər gələcəkdə gəncləri elmə həvəsləndirən və maraqlandıran yeni təşviq mexanizmləri tətbiq olunsa, həm magistratura üzrə boş qalan yerlərin sayı azalacaq, həm də doktorantura təhsilinə maraq göstərən magistrların sayı artacaq.
Bu baxımdan hesab edirəm ki, Azərbaycanda magistratura təhsilinin inkişafı üçün çox ciddi və məqsədyönlü proqram hazırlanmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB