Sadiq Nadir oğlu Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində sadə sürücü ailəsində dünyaya gəlib. Həmin vaxt əmisi Valeh Rəhimov iki il idi ki, şəhidlik zirvəsinə ucalmışdı. Doğmaları ona Valeh adını qoymaq istəsələr də atası onun şəhid əmisinin adına, elinə-obasına, Vətəninə sadiq olacağını hiss etdiyindən ona Sadiq adını qoymuşdu.

Birinci Qarbağ müharibəsi yenicə bitmişdi. Sadiq yaxın qohumları, əmiləri və dayılarının düşmənlə mübarizədəki şərəfli döyüş yollarının aurasında böyüyüyürdü. Sadiq 2004-cü ildə şəhid əmisi Valeh Rəhimovun adını daşıdığı Lerik rayonu Veri-Əliabadı kənd ümumi orta məktəbin birinci sinifinə qəbul olunur. Qardaşı Layiqin əlindən tutub məktəbə gəldiyi ilk günlərdən müəllim və məktəb yoldaşlarının sevgisini qazanır. Nümunəvi şagird kimi həmyaşıdlarından seçilir, her yeni tədris ili başlayanda sinif nümayəndəsi seçilirdi. Məktəbin bütün təbdirlərində vətənpərvərlik mövzusunda səsləndirdiyi şeir və hekayələr onun daxilən Vətənə olan böyük sevgisindən və gələcəkdə qəhrəman oğullarımızdan birinə çevriləcəyindən xəbər verirdi.

Qardaşı Layiq Rəhimov Cəmşid Naxçıvanski hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbə oxuduğu illərdə Sadiq hər yay tətilində evə gələndə qardaşının kursant paltarlarını geyinər, mən də əsgər olmaq istəyirəm deyirdi. Qardaşı Layiq həmin günləri xatırlayarkən deyir: “Allah o müqəddəs formanı mənə, o libasa olan böyük həvəsi isə Sadiqə nəsib etmişdi”.

2012-ci ildə Sadiqin atası vəfat edir və qardaşı Ali Hərbi Məktəbdə oxuduğundan ailənin qayğıları onun çiyinlərinə düşür. Qardaşından kiçik olsa da bir günün içində böyüyərək ailədə ata, əmilərinə, bibilərinə qardaş, doğmalarına atası Nadir əvəzi olur. Daha tez zamanda təhsil alıb peşə sahibi olmaq üçün 2013-cü ildə 9-cu sinifi bitirən kimi Astara Pedaqoji Texnikomunun Bədən tərbiyyəsi ixtisasına qəbul olunur. 2017-ci ildə həmin kolleci bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşür. Vətənə olan borcunu da elə cəbhə xəttində, düşmənlə üz-üzə ödəyir. Kəşfiyyatçı kimi döyüş sirlərinə mükəmməl şəkildə yiyələnir, nümunəvi xidməti ilə seçilir. 2020-ci ilin iyul ayında düşmənin Tovuz istiqamətində təxribata əl atması Sadiqi də hiddətləndirir. O, həmin vaxt səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət komitəsinə müraciət edərək orduya könüllü yazılır. Könüllülərin təlimləri başayanda 21 sentyabrda ailəsinə xəbər vermədən təlimlərə yola düşür. Doğmaları bir neçə gün sonra onun yenidən hərbi xidmətdə olduğundan xəbər tuturlar. 27 sentyabrda ermənilərin növbəti təxribat cəhdləri torpaqlarımızı yağı düşmən tapdağından azad etmək zərurətini yaratdı. Sadiq ilk günlərdən hərbi əməliyyatlarda aktiv iştirak etməyə başlayır.

Tək yaşayan anasının ondan və ön xətdə zabit kimi vuruşan qardaşı Layiqdən nigaran qalmaması üçün imkan tapıb əlaqə saxlayanda hər şeyin yaxşı olduğunu deyir: “Ana bizdən ötrü narahat olma, vaxt gələcək mənimlə qürur duyacaqsan” söyləyirdi. Sadiq Rəhimov Fizuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib. Şuşa istiqamətində gedən döyüşlərə qatılarkən növbəti döyüş əməliyyatı zamanı 3 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Lerik 6 dekabr da “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə öz qəhraman şəhid övladını qarşılayaraq onu doğma Veri Əliabadı kəndində son mənzilə yola salıb.

Sadiq Nadir oğlu Rəhimov 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetidiyinə görə “ Vətən uğrunda” medalı ilə ölümndən sonra təltif edilib.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə