Şəkinin Karvansaray və Xan sarayındakı “oğurluq”lar dəhşət yaradır KÖŞƏ

5 min illik dövlətçilik tarixinə malik Azərbaycanda çoxsaylı tarixi binalar, qalalar, abidələr, ziyarətgahlar, karvansaraylar mövcuddur. Ölkəmizə gələn hər bir xarici turist gördüyü və seyr etdiyi tarixi məkanlara öz heyranlığını, vurğunluğunu gizlədə bilmir. Yəni, ölkəmizə gələn hər bir əcnəbi təkrar olaraq bu yerləri ziyarət etməyə gəlir. Yerli və xarici arxeloqların birgə apardıqları tədqiqatlar nəticəsində sübuta yetirilib ki, Azərbaycan dünyanın ən qədim insan məskənlərindəndir. Damcılı, Daşsalahlı, Tağlar, Azıx və Qazma mağaralarında o cümlədən, 300-400 min il bundan əvvəl yaşamış Azıx adamının çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları ərazilərdir. Məhz bu kimi tədqiqatlar nəticəsində Azərbaycanın ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilib. Demək olar ki, Azərbaycanın hər bir daşında, qayasında bir tarix yatır. Belə sirli, sehirli tarixi məkanlardan biri də, Azərbaycanın ən qədim sənətkarlıq və ticarət şəhəri olan qədim Şəki şəhəridir. Füsunkar təbiəti, gözəl məkanları, qədim qalaları ilə məşhur olan Şəki eləcə də, tarixi karvansaryları ilə də digər tarixi ərazilərdən fərqlənir. Təəssüf ki, böyüklüyünə görə bütün Qafqazda məşhur olan Yuxarı Karvansaray və Aşağı Karvansaray kompleksləri işbazların oylağına çevrilib. Özü də alan da bəlli, satan da bəlli, qiymət siyasətini müəyyənləşdirib, ciblərini dolduranlar da bəllidir. Ancaq orada olub, insanlarla balaca bir sorğu apararkən eşitdiyimiz o oldu ki, iaşə qiymətlərinin həddindən artıq baha olmasına görə, bir il səkkiz aydır ki, günahkar axtarırlar. Yəni, ziyarətçilərin deməsindən belə çıxırdı ki, sanki Şəki Karvansaray kompleksində yiyəsizlik hökm sürür. Xaliq, Mahir və Bəsdi adında şəhər sakinlərinin deməsinə görə, Karvansaray və Xan Saray kompleksləri Şəki şəhər icra hakimiyyətinin başçısının nəzarətindədir. Hətta danışılanlara görə, Karvansarayda restoranda ofisianların işə qəbuluna belə başçı razılıq verməlidir. Qiymətlərə gəlincə isə, əgər bir anlığa tarixə qayıdış mümkün olsa idi, elə qiymətləri karvanların yük yerinə yerləşdirib, Sarvanları vasitəsi ilə ən azı Azərbaycan sərhədlərindən kənara çıxarardıq, qapı, pəncərəni də bağlayardıq ki, karvan üstündə gedən, fantastik qiymətlərin geri dönüşü mümkün olmasın. Ancaq nə fayda ki, tarixin təkərini geri döndərmək mümük olmadığı kimi, qədim Karvansarayda və adını UNESCO-nun mədəni irs siyahısına yazdıran Xan Sarayında fəaliyyət göstərən restoranlarda at oynadan, cib yandıran qiymətlərə də müdaxilə etmək mümkünsüzdür.

Nə badə, ürəyindən keçirəsən ki, yeyib-içmək mümkün olmadığı halda, heç olmasa, çay süfrəsi arxasında, əyləşib, Karvansaray divarlarına baxıb, gözəllikdən feyziyab olum, bu da mümkünsüzdür. Birincisi, Karvansarayın arxasındakı yeyib-içmək məclisi olan restorana yalnız lülə, tikə, balıq kababı yeyənlər buraxılırlar. Əgər “mən çay içmək istəyirəm”, desən, o zaman bir zaman fağır-füğarın Karvansaraya alış-veriş üçün gəldiyi hücrələri göstərəcəklər ki, bu da yayın istisində, göz görəsi, özünü fəlakət burulğanına atmaq deməkdir. İkincisi də, biabırçılıq ondan ibarətdir ki, hücrələrdə belə maya dəyəri 36 qəpik olan bir çaynik çayın qiyməti 25 manata təklif olunur. Etiraz etməyə nə haqqın, nə də hüququn var. Bir də ki, kimə şikayət edəsən, kimdən haqq-ədalət tələb edəsən və ya cəsarət edib, kimin yaxasından tutub, “xahiş edirəm, aztəminatlı insanları da nəzərə alın, qiymətlərə bir əncam çəkin” deyəsən. Hələ ki, səsini çatdırmaq, sözünü demək istədiyin ünvan yoxdur. Şəki şəhər icra hakimyyətinin başçısının bu məsələdə əsas rol oynayan şəxs olduğu deyilsə də, onunla, heç icra hakimiyyətinin əməkdaşları görüşə bilmir, o ki qala hansısa kənardan azıb-təzib, şəhərə gəlmiş hansısa turist ola. Karvansarayda və Xan sarayında cibəgirmə əməliyyatları isə davam edir. Bəli, bəli, bu məkanlarda “oğurluq” halları baş verir. Saf və təmiz oxucum, heç də təəccüblənməyin. Əgər bir oğru, özgəsinin əmlakını ələ keçirmək üçün kiminsə evinə girib oğurluq edirsə, restoranlarda da eynilə şişirtmə qiymətlərlə ciblərə əllərini salıb oğurluq edirlər. Sadəcə, oğru evə gecə vaxtı gizlincə daxil olub, pul, qızıl oğurlayırsa, restoran biznesini idarə edənlər cibə günün günorta vaxtı, qanunlaşdırdığı formada oğurluq edirlər. Amma dini qanunlara görə, hər ikisinin adı özgəsinin əmlakına sahiblənməkdir, yəni, oğurluq.

Mətbuatda yazılanlara əsasən demək olar ki, tarixi tikililərin idarə olunması, lazım gələndə restoran və bar kimi icarəyə verilməsi işinə Dövlət Turizm Agentliyi baxır. Olsun, bəlkə də əladır. Ancaq bu qurumun nə işə baxdığını, açığını mən bilmirəm, hesab edirəm ki, Azərbaycan cəmiyyətində bilən də yoxdur. Bu yaxınlarda səs yayılmışdı ki, Şəki Karvansaray kompleksi bağlanır. Hətta dedi-qodu yayan ağzı göyçəklər sosial şəbəkələrdə paylaşım etmişdilər ki, guya tarixi tikili özəlləşdiriləcək. O zaman hamı kimi mən də bu xəbərdən dəhşətə gəlmişdim, “olamaz” demişdim. Nə məsələdirsə, bu kimi dezinformasiyalardan əndişələnən Turizm Agentliyinin başbilənləri tez-tələsik agentliyin mətbuat katibinin dilindən Karvansarayın bağlanacağı ilə bağlı məlumatların yanlış olduğunu bildirdi. Sözçü açıqlama verdi ki, heç kim narahat olmasın, təşviş də keçirməsinlər, sadəcə, mehmanxananı bir şirkətin əlindən alıb, başqa bir şirkətin idarə edilməsinə veriblər. Sual etsən ki, Karvansaraydakı restoranlarda qiymətlər niyə həddindən artıq bahadır, agentliyin, ancaq və ancaq Polşa kostyumları geyinən mətbuat katibi deyəcək ki, “qiymətlər bizlik deyil, o kimi məsələlərə restoranı işlədən sahibkarın insafına buraxılıb”. Dönüb restoran sahibinə “axı niyə belə edirsiniz” sualını ünvanlasanız, o da çiyinlərini çəkib, “boynuma haqqı çox yükləyiblər, mən də qiymətləri ceyran belinə qaldırmağa məcbur olmuşam” deyəcək. Beləcə ötür-ötür oyunu uzanacaq. Bu baxımdan sən də “cəhənnəm olsunlar” deyib, Karvansaraya, Xan sarayına, eləcə də digər bahalı məkanlara, tarixi tikililərə getməkdən imtina edirsən. Yəni, gücün ancaq buna çatır. Mənim də gücüm rastlaşdığım rüsvayçılığı qələmə alıb, bir daha məsələni başbilənlərin nəzərinə çatdırmaq oldu. Baxmayaraq ki, məsələni ictimailəşdirməklə nəticə hasil olacağına inamsızlığım var. Çünki insafı-mürvəti olmayan məxluqdan ictimai qınaqla ədalətli mövqe sərgiləyəcəyi mümkünsüz görünür.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə