Görəsən niyə biz bir bahənəyə bəndik? Məsələn, bu gün qiymətləri sürətlə bahalaşan ərzaq məhsulları fonunda bəhanələrimizdən danışaq. Onsuz da hamı şahiddir ki, qiymətlər hər gün durmadan-dayanmadan artır. Bunu çox tez-tez market və mağazalarda ərzaq məhsullarının qiymətlərinin dəyişməsi ilə müşahidə edirik. Bu, heç də təzə xəbər deyil, artıq alışmışıq. Bunu qoyaq bir kənara. Söhbət bəhanələrdən gedir. O bəhanələr ki, ticarətdə hər kəs bunu bir cür dəyərləndirir. Məsələn, qiymətlərə nəzarət olmadığından şəhərin bir başında şəkər tozu hazırda 1 manat 50 qəpiyə, bir başında isə 1 manat 95 qəpiyə satılır. Bu, bəhanədir. Yəni market sahibi eşidir ki, şəkər tozunun qiyməti qısa zaman kəsiyində 1 manat 30 qəpikdən 1 manat 50 qəpiyə qalxdı, o da qaldırır, həm də hər yerdəkindən fərqli qiymətə-1 manat 95 qəpiyə. Buna fürsətdən “səmərəli” istifadə də demək olar. Lakin bu, istehlakçılara qətiyyən sərf etmir. Yayın bu çağında, qışa mühəbbə, kompot ehtiyatı hazırlandığı bir dövrdə şəkər tozunun belə bəhanələrə düçar olması heç də xoşagələn hal deyil.

Ümumiyyətlə, şəhərimizin market, mağazalarında reyd keçirilsə, qiymətlərin dəyişik olduğu açıqca görünər. Maraqlıdır, qiymətlərə nəzarət edən nazirliyin bunlardan xəbəri varmı?

Sözgəlişi şəkər tozundan danışdıq, bütün növ ərzaq və qeyri-ərzaq məhsullarında qiymətlər sabit deyil. Bəlkə biz düz bilmirik, bu, belə də olmalıdır, şəhərin bir tərəfi ilə o biri tərəfində qiymətlər fərqlilik təşkil etməlidir. İnşallah, bunun üçün bir açıqlama verən tapılar.Vallah, ərzaq məhsullarını artıq kənd təsərrüfatı məhsullarına tay ediblər. Bazarda eyni meyvə-tərəvəz fərqli qiymətlərə satıla bilir, bu məlumdur. Ya istehsalçının özündən, ya da alverçidən aldığımız məhsullara onlar özləri qiymət qoyurlar. Təbii ki, buna da müəyyən nəzarət olarsa, yayın bu cırhacırında albalı 10, gilənar 5, gilas 3-4, ərik 3-4 manata satılmaz. Yenə bunu anlamaq olar ki, istehsalçı məhsuluna qiyməti özü qoyur, alverçi də “ucuz” aldığının üstünə qoyur... Bu, onların hamıya məlum bəhanəsidir ki, “vallah baha almışam, nə edim, belə satmalıyam ki, özümə bir şey qalsın”.

Nə qədər bəhanə olar, nə qədər?.. İki-üç gün bundan əvvəl “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verən an nə baş verdi? Quzu əti bahalaşdı, restoranlar menyuların qiymətini qaldırdılar. Elə həmin dəqiqənin içərisində. Bu da yeni bəhanə. Yəqin ki, benzinin qalxmasını bəhanə etdilər. Lakin bu benzin növünün nə quzu ətinin, nə də restoran menyusunun qiymətlərinin artırılması ilə əlaqəsi yoxdur. Quzu əti istehsalçısı ətin qiymətinin artmasını otun, yemin daşınma haqqı ilə bağlayırsa, nə dəxli? Restoran menyunun qiymətlərini qaldırırsa, bu da maraqlıdır. Qarşıda daha nələrin qiymətinin hansı bəhanələrin qurbanı olacağı da maraq doğuracaq. Daha maraqlısı isə bu bəhanələrə son qoyulanda olacaq. O da ki, İnşallah. İnşallah, deyək, gözləyək...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə