Bu gün olanlardan xəbərin yoxdu deyəsən. Gəl iki kəlmənin belini qıraq. Elə isə gəl sənə danışım… Eeehhh eh! Nə çox danışdıq, amma işimiz qaldı kənarda, ancaq qeybət etdik, işimizi də qeybətə güdaza verdik... Burada kəlmənin beli qırıldı, yoxsa haqqında danışılanın beli qırıldı bilinmir?!

Bax belə, biz bütün günü olanları kimlərəsə deyirik. Sonra da deyirik ki, yox eee, mən qeybət-zad etmirəm olanı deyirəm ancaq-filan...

Amma arada mənə elə gəlir ki, qeybəti ancaq qorxaqlar və ya paxıllar edirlər. Belə demək olar ki, başqasını özündən yüksəkdə görürsənsə, onu başqalarının yanında pisləməyə başlayırsansa, yuxarıda olanın nüfuzunu düşürməklə yuxarı qalxa biləcəyini sanırsan. Amma!

Amma həyat da bir bumeranqdır. Qeybət etməyə davam edərkən, yuxarı yüksəlməyin əvəzində ya yerində sayacaqsan, ya da uçuruma doğru yuvarlanacaqsan. Qeybət etdiyin insan isə çoxdan öz işini gördüyü üçün səndən çox uzaqlara gedəcək. Sənə qalan isə qeybətini etdiyin adamın arxasınca baxmağın qalacaq...

Bəs qeybət tam mənada nədir?

Bəzi insanlar isə başqa insanların sevincinə şərik ola bilmirlər və etdikləri, sadəcə, kiminsə uğursuzluğuna sevinməkdir. Belə hallarda onların söhbətləri də, əsasən, sevmədikləri insanların yaşadıqları xoş olmayan hadisələr olur.

Əlbəttə, hamı başına gələn hadisələri danışmağı sevir. Amma hadisəni şərh etməklə, hadisəni mənfiyə çevirmək arasında çox fərq var. Əgər üzünə demək cəsarətin yoxdursa, qeybət etmə. Bir gün qeybət edilən vəziyyətə sən də düşərsən. Axı bayaq da dediyim kimi, həyat bumeraqdır!

Hə, bir də o qədər öz işinizlə məşğul olun ki, qeybət etməyəsiniz və ya qeybəti unudasınız. Çünki qeybəti ancaq bekar, el dili ilə desək, avaragor adamlar edirlər. Ən yaxşısı sizə qeybət edənə sual verin ki, ay behmənkəs, axı bunları mənə niyə danışırsan?

Düşünürəm ki, hər kəs öz işi ilə yetərincə məşğul olsa, nə qeybət olar, nə də dava-dalaş. Hətta qeybət edən adama daha faydalı bir iş tövsiyə edə bilərsiniz. Bəlkə beləliklə savaba girib qeybətdən çəkindirəsiniz. Axı Allahımız da buyurub ki, qeybəti bəyənmədiyi əməllər sırasına yazıb. Ona görə də, ey bəni-adəm, qeybət etmə, mərifət et!

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə