Böyük qələbəmizi gözdən salmağa imkan verməyək!

Müasir dünyada separatizm ciddi problemə çevrilib. Beynəlxalq hüquqda mövcud olan boşluqlardan, böyük dövlətlərin yeritdiyi “ikili standart” siyasətindən yararlanan separatçılar nəyin bahasına olursa-olsun tərkibində olduqları dövlətdən ayrılmağa və müstəqil dövlətlərini qurmağa çalışırlar.

Afrika və avropa ərazisində 50 separatizm ocağı olsa da onların yalnız 20-də qanlı toqquşmalar, hərbi qarşıdurmalar müşahidə olunub. Səbəb aydındır. Arxasında böyük dövlətlərin dayandığı separatist qurumların ordu yaradaraq tərkibində olduqları dövlətə meydan oxuması son nəticədə hərbi qarşıdurmaya və minlərlə insanın ölümünə gətirib çıxarıb.

Ancaq arxasında iri güclərin durmadığı separatçı qurumların qarşısı heç bir çətinlik çəkmədən, asanlıqla alınıb. İspaniyanın tərkibində muxtar qurum olan Kataloniyada 2017-ci ilin sonlarında keçirilən müstəqillik referendumu yaxşı yadımızdadır. Əhalinin böyük əksəriyyəti İspaniyadan ayrılıb müstəqil dövlət qurmağa səs verdi. Ancaq ispan hökuməti fövqəadə iclas keçirərək Kataloniyanın muxtariyyatını ləğv etmək qərarı verdi. Regionun ayrılmasının qarşısını almaq məqsədilə silahlı qüvvələrdən istifadə olundu, 800 dinc insan zərər çəkdi. Beynəlxalq aləm nəinki buna etiraz etmədi, əksinə, İspaniyaya hər cür dəstək verildi. Avropa birliyi Kataloniya referendumunu qanunsuz elan etdi və katalonların müstəqillik planlarının qarşısı bu cür asanlıqla alındı.

Gürcüstanda biz tamamilə başqa hadisələri müşahidə etdik. 1992-ci ildə Rusiyanın dəstək verdiyi 2 muxtar qurumda - Cənubi Osetiyada və Abxaziyada referendum keçirildi. Hər iki separatçı qurumun əhalisi müstəqilliyə səs verdi və bu qərar təbii ki, Gürcüstan hakimiyyəti tərəfindən qəbul olunmadı. Hərbi qarşıdurma 18 min insanın ölümü ilə nəticələndi. Rusiya və onun təsirində olan bir neçə dövlət (Nikaraqua, Venesuela, Nauru və Suriya) onların müstəqilliyini tanısa da dünyaya bu müstəqilliyi qəbul etdirmək mümkün olmadı. Çünki ABŞ və müttəfiqləri onun əleyhinə çıxdılar və birmənalı şəkildə Gürcüstanı dəstəklədilər.

Qəribədir ki, eyni münasibəti ABŞ və Rusiya Kosovo muxtariyyatına münasibətdə göstərmədi. Bu dəfə rollar dəyişdi. Gürcüstandakı muxtar qurumların müstəqilliyinə qarşı birmənalı mövqe ortaya qoyan qərb Kosovonun müstəqilliyinə dəstək verdi. Əksinə, Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyinə nail olmaq üçün dəridən-qabıqdan çıxan Rusiya Kosovoya münasibətdə əks mövqe tutdu və qəti şəkildə etiraz etdi. Nəticədə yenə minlərlə insan həlak oldu, yaralandı. Şəhərlər NATO qüvvələri tərəfindən bombalanaraq darmadağın edildi. ABŞ və müttəfiqlərinin separatçılara verdiyi dəstək nəticəsində bu gün Kosovonun müstəqilliyini 100-dən artıq dövlət tanıyıb və Serbiya dövlətinin öz acizliyini, çarəsizliyini etiraf etməkdən başqa yolu qalmayıb. Dəhşət doğuran məqamlardan biri də ondan ibarətdir ki, BMT Beynəlxalq Məhkəməsi 22 iyul 2010-cu il tarixdə Kosovo işi ilə əlaqədar izahat verərək bəyan etdi ki, “birtərəfli qaydada müstəqilliyin elan olunması ərazi bütövlüyü prinsipinə və beynəlxalq hüquqa zidd deyildir. Ərazi bütövlüyü dövlətlərarası münasibətlərə aiddir.”.

30 ildən artıq davam edən və xalqımıza böyük faciələr yaşadan erməni separatçılığına bu günlərdə qəhrəman ordumuz ali baş komandan İlham Əliyevin rəhbərliyi altinda son verdi. Çox təəssüf ki, hələ də bəziləri qələbənin böyüklüyünü və bizə qarşı hansı cəbhənin mövcud olduğunu və hansı qüvvələri darmadağın etdiyimizi anlaya bilmirlər. Bəsit arqumentlərlə uğurlarımızın dəyərini azaltmağa, Azərbaycan hakimiyyətinin möhtəşəm qələbəsinə kölgə salmağa çalışırlar. Maksimalist bəyanatlar verilir, “niyə” sözü ilə başlayan çoxsaylı suallar səsləndirilir və bir dəhşətli həqiqət, mühüm məqam nədənsə nəzərə alınmır.

Bu həqiqət ondan ibarətdir ki, separatist qurumlara münasibətdə qərblə Rusiya heç vaxt eyni cəbhədə olmayıb və eyni mövqedən çıxış etməyib. Yalnız bir istisna var və nə yazıq ki, o bizimlə bağlıdır. “Dağlıq Qarabağ münaqişəsi” deyilən və erməni separatizmini ifadə edən bu məsələyə münasibətdə ABŞ, Rusiya və Avropa uzun müddət eyni mövqedən çıxış etdi və ərazimizdə ikinci erməni dövlətinin yaranmasına dəstək verdilər.

44 günlük vətən müharibəsi zamanı prezident İlham Əliyevin müdrik gedişləri sayəsində biz bu təhlükəli birliyi pozduq və Rusiyanı müəyyən qədər ABŞ və Avropadan ayıra bildik. Bu prosesi uğurla başa çatdırmaq üşün dövlət başçımızın ətrafında daha sıx birləşməli və ona əlimizdən gələn dəstəyi verməliyik.

Unutmamalıyıq ki, 2020-ci ilin sonlarında tariximizin ən böyük qələbəsini qazanmışıq və bu qələbənin gözdən salmağa heç kimin haqqı yoxdur.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə