Oktyabrın 12-də Milli Şura adlı təşkilatın təşkil etdiyi mitinqdə bir neçə məqam diqqətimi çəkdi. Sosial şəbəkələrdə və mediada gen-bol işıqlandırılan bu tədbirdən müxtəlif şəkillər yayımlanaraq guya minlərlə insanın aksiyaya qatıldığı iddia edildi. Lakin daim müxalifətin ruporu rolunda çıxış edən "Azadlıq" radiosunun dərc etdiyi bir şəkil sayla bağlı, məncə, mübahisələrə son qoya bilər. Həmin fotoya əsaslanaraq deyə bilərik ki, mitinqdə ən yaxşı halda min nəfər iştirak edib. Elə Bakı baş polisi də günün sonunda buna yaxın rəqəm açıqlamışdı: 900. İndi kimsə çıxıb iddia edə bilər ki, belə deyil. Ona görə də rəqəmlərə müraciət edək.
Standart stadionun eni 60, uzunu 90 metr olur. Bu isə o deməkdir ki, ümumi sahəsi 5400 kv. m. olur. Mitinqlər təcrübəsi olan birisi kimi qətiyyətlə deyə bilərəm ki, ən yaxşı halda 1 kv. m.-də 1 nəfər yerləşir. Amma indi lap iddia edək ki, 1 adam 0,7 kv. m. yer tutur. Bu hesabla 5400 kv. m.-də ən yaxşı halda, özü də basabasla 7,7 min adam yerləşə bilərdi. Nəzərə alsaq ki, şəkildə göründüyü kimi, ümumi sahənin hardasa 7-də 1-i tutulub (1100 nəfər edir) və üstəlik də insanlar seyrək yerləşib, Bakı polisinin 900 rəqəmi yüzdə yüz doğrudur. Mübahisəsi belə yanlış olardı yəni.
Daha bir məqam İŞİD bayrağının da mitinqdə dalğalandırılmasıydı. Düzdür, müxaliflər iddia edir ki, bu, kiminsə təxribatıymış. Elə isə mitinqdə baş verə biləcək hər hala görə məsuliyyət daşıyan təşkilatçılar bu təxribata yol verməməliydilər. Amma onu da unutmayaq ki, bu Milli Şura ətrafında fanatik İran rejiminə, ayrı-ayrı zərərli dini cərəyanlara rəğbəti olanların varlığı da daim diqqət çəkib. Bu baxımdan İŞİD bayrağı qaldıranların heç də kənardan gəlmədiyini demək olar. Amma yenə də düşünürəm ki, bir balaca gözləyək, araşdırma aparılsın.
Mitinqdən sonra müzakirə olunan mövzular arasında şuraçıların Müsavat heyətinə sayğısızlığı da var. Heç birinə heç bir dəxlim olmasa da düşünürəm ki, bununla bağlı da fikir söyləməyimə gərək var. Etiket deyilən bir şey var. İstənilən tədbirdə, istənilən halda kimin kim olduğuna diqqət çəkməyi tələb edər bu etiket. Elə dünənki mitinqdə də təşkilatçılar sevsələr də, sevməsələr də uzun illər çiyin-çiyinə addımladıqları Müsavat heyətini uyğun şəkildə salamlamalı idilər. Üstəlik, yeni seçilmiş başqan Arif Hacılını təbrik də etməliydilər. Etmədilər. Nəinki etmədilər, elə davrandılar ki, sanki bu adamlar burda yoxdur. Halbuki İsa Qəmbər, Arif Hacılı və heyəti ora gəlməsəydi mitinqdəkilərin sayı yarıbayarı azalmış olacaqdı. Təbii ki, qarışmırıq. Bunu sadəcə ona görə qeyd edirik ki, hər addımda hakimiyyətdə qüsur axtaranlar bir də özlərinə bu yöndən baxsınlar yəni.
Və bütün bunların fövqündə duran hal mitinqçilərin Avropa Birliyi ilə ortaqlıq anlaşması (assosiasiya sazişi) tələb etməsidir. Təbii ki, bunu da tələb etmək onların haqqıdır. Amma belə bir tələbin gerçəkləşəcəyi təqdirdə Azərbaycanın başına nələrin gələcəyini indidən görə bilməmək üçün ən azından yarım qafalı olmaq lazımdır.
Azərbaycan hakimiyyəti dövlətin strateji xətti kimi Avropaya inteqrasiyanı hər zaman vurğulayır. Bu yöndə addımlar da atılır. Təbii ki, zamanı gərəksiz yerə qabaqlamadan, xüsusi sıradışı hərəkətlərə yer vermədən. Yəni Azərbaycan addım-addım Avropa ailəsinə yaxınlaşır. Yəqin ki, bir neçə ildən sonra bu proses daha sürətlə gedəcək. Bundan qazanan isə Azərbaycan xalqı və Azərbaycan dövləti olacaq. Ancaq indidən belə populist şüarla milləti gərəksiz yerə məşğul etmək heç yerinə düşmür. Ona görə yox ki, biz Avropaya inteqrasiyaya qarşıyıq. Ona görə ki, hələ bunun zamanı deyil. Zamanı gəlmədən atılan addımlar isə güclü kataklizmlərə səbəb ola bilər. Necə ki, Ukraynada səbəb olur.
Yadımdadır, ötən ilin bu vaxtlarında Ukraynada etirazlar yeni-yeni başlayanda, Yanukoviç hakimiyyəti Avropa Birliyi ilə anlaşma imzalamaqdan imtina edəndə bunun doğru olduğunu deyirdim. Elə ki, bundan sonra Kiyevdə meydan hərəkatı başladı, Azərbaycanda da bəzi güclər iddia etdi ki, Ukrayna xalqı düz yoldadır, halal olsun onlara. Mənsə iddia etdim ki, bu hərəkətlər Ukraynanı qana bələyəcək. Dedilər ki, "sən antidemokratsan". Buyurun, indi deyin görüm mən kiməm? Ukraynanın Avropa Birliyilə vaxtından əvvələ bu qədər yaxınlaşması üçün Kırımı, ardından da ölkənin Şərqində önəmli bir hissəni itirməyə dəyərdimi? Yaxud da ölkəni bu qədər çıxılmaz bir duruma sürükləməyə dəyərdimi? İndi o gözəl ölkə bərbad gündədir, hər gün qanlar axır, iqtisadiyyat çöküb, torpaq əldən gedib. Tək bir "qazanc" isə Avropa Birliyinə bir addım daha yaxınlaşmaq olub. Dəyərmiydi? Məncə yox!
Elə Azərbaycan da bundan özünə nəticə çıxarmalıdır və çıxarır da. Azərbaycan dövlətinin bu cür təmkinli davranması ölkəni Yaxın Şərqdə, Ukraynada baş alıb gedən faciələrdən sığortalayır. İndi bu müxaliflər də çıxıb iddia edirlər ki, Avropa Birliyi ilə ortaqlıq anlaşması istəyirlər. Bunlara birisi izah etsin ki, Azərbaycan hakimiyyəti bu anlaşmanı sizdən çox istəyir, sadəcə zamanı deyil. Zamanı gəlincə heç sizdən soruşulmadan bu saziş imzalanacaq.
Sözümün sonunda qeyd edim ki, bunlar mitinq xatirinə mitinq keçirmək istəyirdilər, hakimiyyət şərait yaratdı, keçirdilər, allah xeyir versin. Daha bundan istifadə edib insanları gərəksiz yerə həvəsləndirmək lazım deyil. Hər kəs işinin başına dönsün artıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB