Şuşadan mühüm MESAJ: peşəkar və operativ medianın qurulması bir nömrəli məsələdir

III Şuşa Qlobal Media Forumu bir sıra aktual məsələlərlə yadda qaldı. İlk öncə Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər medianın hazırkı durumu və gələcək inkişafı üçün, habelə Azərbaycanın mövqeyinin dünya icitmaiyyətinə çatdırılması baxımından olduqca önəmli hadisədir. Çünki zaman-zaman ölkəmizə qarşı feyk xəbərlərin geninə-boluna “istehsal” edildiyi bir zamanda yaşayırıq və öıkəmizlə bağlı obyektiv informasiya axını üçün bu cür tədbirlərin keçirilməsi zəruridir.

Cənubi Qafqazın ən böyük media forumunun Qarabağda təşkili, ilk növbədə Azərbaycanın bölgənin lider ölkə statusunun beynəlxalq media platformasında qəbulu deməkdir. Ən tanınmış media simalarının və dünyanın reytinqli KİV-lərinin III Şuşa Qlobal Media Forumuna qatılması həm də Azərbaycana olan güclü marağın təzahürüdür. Diqqət edin: bu forum zamanı səsləndirilən əksər fikirlər media peşəkarlığı, media savadlılığı və feyk xəbərlərə qarşı mübarizə məsələləri üzərində qurulmuşdu.

Etiraf olunmalıdır ki, bu gün beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı saysız-hesabsız feyk xəbərlər dolaşır. Bu cür yalan xəbərlərin çoxu da nəzarətsiz qalan, dedi-qodu səviyyəli platforma olan sosial media seqmentindən qaynaqlanır. Əlbəttdə, bunlar təkcə təsadüfən deyil, həm də məkrli və planlaşdırılmış təxribat xarakterli məlumatlardır. Bu cür informasiya təxribatlarına qarşı Azərbaycanın operativ və peşəkar media seqmentinin formalaşması çox vacibdir. Amma real vəziyyət çox vaxt necədir? Bu gün ciddi medianın operativlikdə sosial şəbəkə seqmentinə uduzması, sosial media platformasının feyk xəbər oylağına, mətbəx dedi-qodusuna çevrilməsi ən böyük narahatçılıqdır.
Lakin məsələnin digər bir üzü də var. Həmin bu dedi-qodu, qeybət deyə aşağıladığımız platforma Azərbaycan cəmiyyətini ilkin informasiya ilə təmin edən, ictimai fikrə nəinki təsir edən, həyttda onu yönəldən qüvvədir. Bu faktdır, gerçək və acı reallqı budur, vəssalam!
Bu gün Azərbaycan əhalisinin ən azı 80 faizi Tik-tok, feysbuk, instaqram səhifələrində gün keçirir. Real fakt odur ki, ilk xəbər mənbəyi də məhz bu platformalardan alınır. Yöndəmsiz, nizama salınmamış, tam dəqiqləşdirilməmiş məlumat bazasıdır soisal media platforması. Amma yuxarıda qeyd etdiyim kimi, sosial media platforması həm də ilkin informasiya mənbəyidir, bu etiraf olunmalıdır. Ciddi mətbuat isə bütün hallarda bu platformaya uduzur. Bu gün Azərbaycan mətbuatının iqtisadi bazasını formalaşdırmaq, operativ və çevik, etibarlı xəbər qaynağı kimi önə çıxmasını təmin etmək ən aktual, bir nömrəli məsələdir. Medianın iqtisadi bazasını formalaşdırmaq isə onun maliyyə gücünü formalaşdırmaq deməkdir. Əlbəttdə reklam bazarının bu məsələdə rolu birmənalı əsasdır. Lakin reklam verən qurumlar da nüfuzlu, ictimai düşüncəyə təsiredici gücə sahib olan mediaya üz tuturlar. Bu gün 150 illik mətbuatımızın peşəkar və səviyyəli statusuna nail olmaq üçün görülməli işlər çoxdur. Lakin ön sırada bunlar gəlir: Peşəkarlıq və son dərəcə operativlik!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə