Bədii gimnastika üzrə dünya çempionatına 8500-dən çox bilet satılıb

Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi edəcək. Belə ki, gimnastların doğma məkanı Milli Gimnastika Arenasında 6 gün sonra möhtəşəm açılış mərasimi ilə ilin ən gözlənilən yarışlarından birinə - bədii gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, 62 ölkədən 300-dən çox gimnastı və minlərcə azarkeşi bir araya toplayacaq dünya birinciliyinə az vaxt qaldıqca bilet satışı daha da yüksəlməyə başlayıb. Bu günədək statistikaya əsasən 8 min 500-dən çox bilet satılıb. Satışın 45 faizini onlayn sistemlə xarici azarkeşlər həyata keçirib.

Milli Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail və Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri də qonaq edəcək.

Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...