Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun açılış mərasimi keçirilib - FOTOLAR - YENİLƏNİB

Bu gün Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın qatıldığı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib. SİA-nın məlumatına mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver, idarə heyətinin üzvü Ben Haak, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Öncə Xüsusi Olimpiya Hərəkatına həsr olunmuş videoçarx nümayiş edilib.

Gənclər və idman naziri A.Rəhimov çıxış edərək bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: “Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara – verdiyimiz dəyəri nümayiş etdiririk. Daha inklüziv dünyaya yeni körpü kimi, bu Forum cəmiyyətdən təcrid olduğunu hiss edən hər kəsə ümid mayakı kimi çıxış edəcək.

Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə bu hərəkatın inkişafı üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, biz Xüsusi Olimpiya Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda Xüsusi Olimpiya hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm".

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri T.Şriver isə deyib ki, bu gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyətləri olan insan və ümumilikdə hamı üçün inklüzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər: "Onlar Bakıda müxtəlif layihələr vasitəsilə inkluziv dünyanın toxumlarını yaradacaq, evlərinə qayıtdıqdan sonra isə bütün dünyada bu toxumları əkəcəklər”.

Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı səhnəyə gətirilib və Xüsusi Olimpiya Oyunlarının məşəli nazir A.Rəhimova təqdim edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider 24 – 28 sentyabr 2018-ci il tarixlərində Bakıda keçiriləcək inklüzivliyi təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər, əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə, öz ölkələrində daha inkluziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayacaqlar. Gənc liderlər Bakı Forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya Fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir.

Forumda həmçinin Xüsusi Olimpiya Hərəkatında akkreditasiya olunmuş proqramları, məktəbləri, idman klublarını və yerli icmaları təmsil edən daha yaxşı nəsildən olan liderlər iştirak edəcək və gəncləri dəstəkləyəcəklər. Biznes qurumlarının, hökumətlərin, xidmət və beynəlxalq təşkilatların nümayəndələri və Xüsusi Olimpiya Hərəkatının məqsədlərinə sadiq olan bir neçə tanınmış idmançı Forumun işində vacib rol oynayacaq və gənc liderləri ilhamlandıracaqlar.

Xüsusi Olimpiya hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyalar və fəaliyyətlər barədə öyrənəcəklər ki, bu da Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Bu səy çərçivəsində 8500-dən artıq gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klublarında inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə