Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub

DÇ-2018-dəki uğursuzluğa görə tənqidlərə məruz qalan Məsut Özil Almaniya millisindəki karyerasını başa vurmaq qərarına gəlib. SİA-nın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib. 29 yaşlı Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu da alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. Almaniya Futbol İttifaqının (DFB) rəhbəri Raynhard Qrindel yaranmış vəziyyətdən sonra onu yanına çağırıb. DFB rəhbəri M.Özili digər türk əsilli futbolçu İlkay Gündoğanla birlikdə seçki kampanyasına dəstək olmaqda günahlandırıb.

M.Özil açıqlamasında belə deyib: "Qalib gələndə alman, uduzanda qaçqın oluram. Dostlarım Podolski və Kloze heç vaxt alman polşalısı olaraq təqdim edilmirdi. Mən niyə alman türkü kimi təqdim edildim? Türkiyəli olduğum üçün? Müsəlman olduğum üçün?

Baş verən olaylardan sonra uzun müddət düşündüm və özümə qarşı irqçilik, hörmətsizlik hiss etdim. Buna görə də Almaniya millisinin formasını geyməyəcəm. Bu formanı böyük həyəcanla geyinirdim, artıq bu belə deyil.

Bu qərarı vermək çox çətin oldu, çünki komanda yoldaşlarım, məşqçi heyəti və Almaniyanın yaxşı insanları üçün hər şeyimi verdim. Federasiya rəsmilərinin mənim türk köklərimə hörmətsizıik etməsi və məni siyasi təbliğatda günahlandırmaları artıq yetər!"

Qeyd edək ki, Özil 2009-cu ildən Almaniya millisində çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə