Teymur Rəcəbov: "Əsas mübarizə qarşıdadır"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2018" superturnirinin IV turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. SİA-nın məlumatına görə, ağ fiqurlarla mübarizə aparan T.Rəcəbov mətbuat konfransında oyunu haqqında danışıb: "Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır".

"ShamkirChess-2018" superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.

Dünya çempionu Maqnus Karlsen Şəmkirə şəxsi aşbazıyla gəlib. Jurnalistin "Siz nə vaxtsa yarışa aşbazla yollanmaq barədə düşünürsünüzmü?" sualına T.Rəcəbov belə cavab verib: "Dünya çempionu titulu tamam başqadır. Çempionluğun öz üstünlükləri var. Əlbəttə dünya çempionu olan şahmatçı özünə belə imkan yarada bilər. Bu barədə heç vaxt düşünməmişəm. Ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diıqqət edirəm. Bir qədər artıq çəkim olduğu üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn kabab və digər belə qidaları yemirəm. Ümumiyyətlə qidalanmaya fikir vermək çox vacibdir. Gələcəkdə də aşbazla birgə yarışa getmək barədə heç fikirləşməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə