UNEC-də Ümummilli Liderin xatirəsi anılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. UNEC-dən SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Ümummilli Lider yalnız dahi siyasətçi yox, həm də müdrik iqtisadçı kimi yaddaşlarda qalıb. Rektor bildirib ki, sovet dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarının əsas tutulması, ölkədə olduqca əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi uğrunda apardığı mübarizə Heydər Əliyevin Azərbaycanın gələcəyini düşündüyünü göstərir.

Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə böyük diqqət yetirib. Ümummilli Liderin dəstəyi ilə həmin dövrlərdə təhsil almış minlərlə gənc indi də Azərbaycan naminə çalışır. Dahi şəxsiyyətin səyləri, Azərbaycanın gələcəyi üçün gördüyü işlər onu deməyə əsas verir ki, o, ölkəmizin müstəqilliyə qovuşacağına inanırdı.

Bildirilib ki, ulu öndər Heydər Əliyev həm də dəyərli bir ailə başçısı olub. Onun siyasətini davam etdirən Prezident İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi səylər hər kəsi öz işinə daha böyük inamla yanaşmağa ruhlandırır.

Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olunub.

Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi tarixi faktlarla” mövzusunda məruzə ilə çıxış edərək Ulu Öndərin zəngin fəaliyyəti barədə məlumat verib. “SABAH” mərkəzinin tələbəsi Jalə Rzayeva qüdrətli Azərbaycan şairi Zəlimxan Yaqubun “Əsrin Heydər tarixi” poemasını səsləndirib.

“Heydər Əliyev – dünya şöhrətli siyasi lider” mövzusunda məruzə ilə çıxış edən siyasi elmlər namizədi Leyli Həmidova Ümummilli Liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə