Hadi Rəcəbli: "Əlillərin sayı 5 faiz azalıb"

“Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb. Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadİ Rəcəbli parlamentin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, qanuna edilən dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar.

H.Rəcəbli əlilliyin qeydə alınması ilə bağlı başqa bir ziddiyyətin ortaya çıxdığını qeyd edib: “Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərinin xeyli çoxalmasına gətirib çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu sahədə olan uyğunsuzluqları aradan qaldırmaq üçün çox ciddi, əsaslı tədbirlər görməlidir. Düşünürəm ki, bunun nəticəsində həmin sahədə bəzi neqativ hallar aradan qalxacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə