DİA-da “Dövlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, müxtəlif nazirliklər və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət qulluğunda innovativ idarəetmə texnologiyalarının tətbiqi: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən U.Ələkbərov ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilovun “Dövlət qulluğunda aktual problemlər və çağırışlar” mövzusunda məruzəsi dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə