“Ordunun imkanlarından zərurət tələb edərsə istifadə etməliyik” AÇIQLAMA

"Küçə demokratı Paşinyan istefa verməklə formal bir addım atdı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, BAMF sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, söz yox ki, bununla o manipulyasiya etdi: "Dekabrda keçiriləcək parlament seçkiləri ilə bağlı onların özləri tərəfindən hesablanmış bir nəticələri də var. Paşinyan hakimiyyətə gəlməmişdən öncə səsləndirdiyim bir fikrə qayıtmaq istəyirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq işğalçı ölkənin Qarabağla bağlı siyasətində böyük dəyişiklik gözlənilməyəcək. Ermənistan torpaqlarımızı işğal edib və artıq bir çox ərazilərimizdə də yollar çəkilir, insanları məskunlaşdırmaqla məşğuldurlar. Bununla nə beynəlxalq qanunlar, qaydalar, nə də oraya yerləşdirilən insanların taleyi ilə bağlı yarana biləcəyi hər hansı bir təhlükə göz altına almır. Bütün bunlar Ermənistanın işğalçılıq siyasəti adımba, addım həyata keçirilməsinin göstəricisidir. Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra Qarabağa səfər etməsi, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə, həyat yoldaşını da bir qrup xarici ölkələrdən olan qadınlarla cəbhə xəttinə göndərməsi onun Qarabağla bağlı heç də barış yolunu tutmadığını göstərir. Müəyyən vaxtlarda cəbhədə atəşkəsin pozulması da təsadüfi deyil, bu Ermənistan silahlı qüvvələrinin gündəlik proqramlarında nəzərdə tutulduğu şəkildə həyata keçirilir. Bununla yanaşı işğalçı ölkə rəsmilərinin insanlarımızı səksəkədə saxlamaqla və Azərbaycana şər və böhtan atmaqla, beynəlxalq aləmin diqqətini özlərinə cəlb etmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan hökuməti, xalqı, ordusu bu cür təxribatlara qətiyyən uymamalıdır və davamlı şəkildə beynəlxalq qurumların, beynəlxalq güclərin və ATƏT-in Minsk Qrupunun ricaqlarını işə salmalıdır. Biz Azərbaycan xalqı olaraq, o istiqamətdə beynəlxalq qurumların dəstəyini daha çox almalı və ordunun da imkanlarından zərurət tələb edərsə istifadə etməliyik".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə