“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar yarana bilər” MÜSAHİBƏ

Qabil Hüseynli: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə daha fəal müdaxilə edəcək”

Politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi

- Qabil müəllim, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib ki, yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar açılacaq. ABŞ prezidenti imkanlar açılacaq deyəndə nəyi nəzərdə tutur?

- Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın söylədiyi fikirlər ictimai rəyə hesablanan sözlərdir. Bəzən bu sözləri çeynənilmiş sözlər kimi dəyərləndirmək olar. Amma hər halda əgər bunu böyük bir ölkənin prezidenti deyibsə deməli o nəyi isə nəzərdə tutaraq bu sözləri deyir. Ola bilsin ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə daha fəal müdaxilə edəcək və həmsədrlik funksiyasını daha layiqincə həyata keçirəcək. Ola bilər ki, Tramp bölgədə baş verə biləcək bəzi geosiyasi dəyişmələri də praqnozlaşdıraraq bunu söyləyib. Çünki ABŞ-ın bu bölgədə geniş geostrateji maraqları var və bu maraqlar uğurunda mübarizə aparacağı təqdirdə yəqin ki, bu proseslərdə daha fəal iştirakını təmin etmək barədə düşünür. Ona görə də, hər halda belə güman edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar yarana bilər.

- ABŞ prezidentinin bu qətiyyətli mövqeyi münaqişənin həllinə ümidlər yarada bilər?

- Ümumiyyətlə, Ermənistanın işğalçı bir ölkə olmasını hər kəs çox gözəl bilir. Əlbəttə ki, işğalçı ölkə olan Ermənistan etdikləri bütün əməllərinə görə cavab verəcəkdir. Bu baxımdan da, hər halda ABŞ-ın bu işlə məşğul olan strukturlarının verdiyi məlumatlar, praqnozları əsasında Tramp bu fikri söyləyib.

- ABŞ-ın münaqişənin həllinə fəal müdaxiləsi Rusiya tərəfindən qısqanclıqla qarşılanmayacaqki?

- ABŞ daha çox bizim bölgəyə yaxın olan Yaxın Şərqdəki proseslərə istinadən bu sözləri deyir. Amma heç də istisna deyil ki, ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi də arta bilər. Çünki Rusiyaya qarşı sərt mövqe tutan ABŞ Rusiyanı mühasirəyə almağa çalışan siyasət yürütməyi çoxdan qarşısına məqsəd qoyur, hələ ki, bunu həyata keçirə bilmir. Güman edək ki, o Cənubi Qafqazdan başlayaraq Orta Asiyaya doğru istiqamət götürən böyük bir siyasəti həyata keçirtməyi başlaya bilər. Bunlada prezidentin dedikləri reallığa çevrilə bilər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...