“Paşinyanın bəyanatlarını “sərsəm" adlandıranların sayı artır” AÇIQLAMA

Son vaxtlar Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərsəm bəyanatlarla çıxış edir və hədələyici mesajlar səsləndirir. Bu anormal mövqe, fikir Rusiya prezidenti Vladimir Putinin Azərbaycan planlaşdırılan səfəri ərəfəsinə təsadüf etməsi və eyni zamanda Ermənistanda vətəndaş müharibəsinə zəmin yarada biləcək hadisələrin baş verməsi Paşinyanən normal durumda açıqlamalar verməyi üzə çıxır. Məlum olur ki, Paşinyan isterik vəziyyətində olduğundan sərsəm açıqlamalar verməklə daxili auditoriyanı sakitləşdirməyə çalışır. Siyasi şərhçi Azər Həsrət SİA-ya açıqlamasında bildirdi ki, siyasətdə naşı olması, üstəlik də birdən-birə küçədən birbaşa hakimiyyətin zirvəsinə gəlib çıxması Nikol Paşinyanı çətin duruma salıb: “Həm də belə anlaşılır ki, Paşinyanın yaddaş problemi var. Fikirləri, beyni də qarışıqdır. Çünki dünən verdiyi bəyanatı bu gün unudur, tam əksinə bəyanat verir. Ona görə də artıq Azərbaycanla yanaşı elə Ermənistanın, hətta Rusiyanın ictimai rəyində Paşinyanın bəyanatlarını “sərsəm bəyanatlar” kimi dəyərləndirənlərin sayı artır. Anlaşılan budur ki, Paşinyan heç özü də bilmir nə etsin, necə etsin. Onun belə davranışı yalnız və yalnız naşılığından, yaddaş problemindən qaynaqlanır. Həm də sabaha aid heç bir planı, proqramı olmadığı üçün ictimai rəyi belə məşğul edir”.

“Ermənistan “Əsgər Anaları” təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi aksiyalar keçirir. Hakimiyyət isə fərqli mövqe tutur. Demək olarmı ki, erməni cəmiyyətində münaqişə ilə bağlı dərin ziddiyyətlər və fikir ayrılıqlar mövcuddur” sualına cavab olaraq, A.Həsrət bildirdi ki, bu aksiyalar Sargkisyanın prezidentliyi dövründə də aktual idi: “Bu da təbiidir. Çünki Ermənistanda heç də hamı rasional düşüncədən uzaq insanlar deyil. Onların bir qismi – elə bu “Əsgər Anaları” da – başa düşür ki, Ermənistanın nicatı yalnız Azərbaycanla dost münasibətlərinin qurulmasından asılıdır. Ona görə də belə aksiyalar keçirirlər, açıq şəkildə də bəyan edirlər ki, erməni gəncləri onlara aid olmayan Azərbaycan torpaqlarında heç nəyin uğuruna həlak olmamalıdır. Bu əsgər anaları ümidli idilər ki, Paşinyan hakimiyyətə gələcəyi təqdirdə məsələ həllini tapacaq. Ancaq az öncə də dediyim kimi, Paşinyanın özü nəyi necə etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Ona görə də Ermənistan ictimai rəyində belə ziddiyyətli durum yaranıb”.

“Sentyabrın 25-də artıq Vladimir Putin Azərbaycana səfərə gəlir. Bu səfər zamanı münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaqmı?” sualına cavab olaraq, siyasi şərhçi onu da bildirdi ki, yəqin ki, aparılacaq: “Çünki Rusiya Güney Qafqazda öz təsirini qorumaq, eyni zamanda Azərbaycan kimi çox əhəmiyyətli bir dövlətlə strateji müttəfiqliyini davam etdirmək üçün mütləq həm də münaqişə məsələlərinə diqqət göstərməlidir. O baxımdan Putinin bu səfərində Qarabağ məsələsi də müzakirə obyekti olacaq. Nə olacaq, necə olacaq? Bu suallara cavab vermək hələ tezdir. Çünki hazırda əlimizdə konkret necə bir müzakirənin aparılacağıyla bağlı bilgilər yoxdur”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə