"Prezident çıxışında Ordumuzun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı" MÖVQE-ÖZƏL

“Ermənistanda aprel hadisələrdən sonra hakimiyyətə gələn N.Paşinyan elə ilk gündən sərsəm fikirləri və Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə əslində küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi. Azərbaycan isə bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirirdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Ermənistanda hamının bildiyi bir gerçəklik var: “Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı il aprel döyüşlərindən Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələri ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır”.

H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq, Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı: “Prezident İlham Əliyev qeyd etdi ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları müqabilində Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün .Əks təqdirdə onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə