Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsi erməniləri dalana dirədi SİYASİ ANALİZ

Fransa uzun illər gizli, ya da açıq hamilik etdiyi Ermənistana daha əvvəlki tək nəzər salmaq fikrində olmadığını sübuta yetirmiş oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya bu ölkənin dövlət başçısı Emmanuel Makronun dəvəti ilə rəsmi səfər etməsi son zamanlar xairici siyasətində ciddi boşluqlar olduğunu diplomatic kuluarlarda sərgiləyən Ermənistanda narahatlıqlar yaradıb. Əgər payızda Makronun Azərbaycana rəsmi səfər edəcəyini də nəzərə alsaq, bu zaman Nikol Paşinyan hökumətinin hansı hisslərə qapıldığını indidən təsəvvürə gətirmək mümkündür. Necə deyərlər, Fransa uzun illər gizli, ya da açıq hamilik etdiyi Ermənistana daha əvvəlki tək nəzər salmaq fikrində olmadığını məhz bu səfər kontekstində sübuta yetirmiş oldu. Ümumiyyətlə, rəsmi Bakı ilə rəsmi Paris arasında son dövrlər ciddi əməkdaşlıq formatı yaranıb və bu formatın inkişafı dövlət başçımızın səfəri ilə növbəti dəfə özünü isbatlayıb.

Rəsmi Paris onu da anladı ki, Avropa Birliyinin lider ölkələrindən biri kimi, Azərbaycanla bütün sahələrdə münasibətləri yüksək səviyyəyə çatdırmaq fransızlar üçün həm də strateji maraqları təmin edir

Digər tərəfdən, artıq Fransanın siyasi dairələri ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupundakı fəaliyyəti ilə yanaşı, anlayıblar ki, ikili standartlardan çıxış etmək, yaxud, Azərbaycanın haqq səsini duymamaq onlara heç bir səmərə verməyəcək. Çünki anlaşılan olan da budur ki, erməni işğalını açıq-aşkar himayə etmək dünyadakı mövqeyini möhkəmlədən Azərbaycanı qıcıqlanndırır. Bu isə torpaqlarını işğaldan azad etmək üçün haqqı olan ölkəmizin müharibə etmək ehtimallarını daha da artırmış olur. Belə olan vəziyyətdə Fransa kimi siyasi cəhətdən inkişaf etmiş ölkənin ATƏT-in Minsk Qrupundakı fəaliyyəti heçə enmiş olur. Eyni zamanda, digər amillər də mövcuddur ki, Fransa son anda bunları dərk edərək, ölkəmizin haqlı mövqeyinə dəstək vermək qərarını düzgün seçim olaraq qiymətləndirdi. Rəsmi Paris onu da anladı ki, Avropa Birliyinin lider ölkələrindən biri kimi, Azərbaycanla bütün sahələrdə münasibətləri yüksək səviyyəyə çatdırmaq fransızlar üçün həm də strateji maraqları təmin edir.

Azərbaycanın xarici diplomatiya uğurları erməniləri niyə qıcıqlandırır?

Yeri gəlmişkən, artıq bu münasibətlərin işartıları görünməkdədir. Misal üçün, Fransanın hərbi-sənaye kompleksi Azərbaycanın Müdafiə Nazirliyi ilə əməkdaşlığa hazır olduğunu gizlətmir. O cümlədən, Hərbi Sənaye nazirliyimiz də bu sırada öz yerini tutur. Buna sübut olaraq, "Le Parisien" qəzetində gedən yazıdan bir abzasa diqqət yetirək. Bu nəşrin yazdığına görə, Fransanın hərbi-sənaye şirkətlərinin Azərbaycana müdafiə xarakterli məhsulların satışına qoyulmuş embarqo rəsmi Paris tərəfindən ləğv ediləcək. SİTAT: "Fransanın hərbi-sənaye kompleksinə daxil olan şirkətlər Azərbaycanda artıq marketinq araşdırmalarına başlayıblar".

Əlavə olaraq qeyd edilir ki, Fransanın hərbi-sənaye şirkətləri 25-27 sentyabr günlərində Bakıda keçiriləcək 3-cü III Beynəlxalq müdafiə sərgisində (3rd Azerbaijan International Defence Exhibition, ADEX) iştirak edəcəklər. ADEX-də Fransanı MBDA Systems, CİFAL Group, Naval Group, Airbus Defense, Etienne Lacroix, Nexter Systems, Proengin, Thales və digər şirkətlər təmsil olunacaqlar.

Bütün bunlar isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, xüsusilə Fransada güclü olan erməni diasporu Azərbaycan Prezidentinin Fransaya səfəri qarşısında aciz qalıblar. Əbəs deyil ki, artıq erməni mətbuatı illər uzunu "hami, xilaskar" adlandırdığı Fransanın Azərbaycanla münasibətlərini bütün istiqamətlərdə möhkəmləndirmək qərarını necə deyərlər, "baltalayırlar". Hətta Fransa prezidenti Emmanuel Makron "satqın və riyakar" adlandırılır. Söz yox ki, bütün bunlar Azərbaycanın uğurlu xarici diplomatiyasının məntiqi nəticəsidir ki, Fransa dövlət olaraq, Azərbaycanla münasibətlərini yenidən qurmaqda, hətta strateji cəhətdən yaxınlaşmaq faktorundan çıxış etməkdə marağını ortaya qoyub.

Nikol Paşinyanın zəif bəndləri üzə çıxdı

Artıq, Nikol Paşinyan hökumətinin zəif bəndləri ortaya çıxır və Ermənistandakı daxili siyasi böhranla yanaşı, xarici siyasət böhranı da açıq-aşkar görünür. Rusiyanın Ermənistandan üz döndərməsi, Belorusun ermənilərə inamsızlığı, sonda isə Fransanın Azərbaycana yönəlik xarici siyasətini dəyişmək fikrini ortaya qoyması deyilənləri isbatlamaqdadır. Rusiya və Belorus KTMT-nin üzvü olaraq, Ermənistanın Qərbə doğru hərəkət edəcəyini qəti şəkildə pisləyir. Paşinyan xəyanətkar adlandırılır.

Azərbaycanın isə müstəqil və qətiyyətli siyasəti ilə həm Qərblə, həm də Şimalla, o cümlədən Şərqlə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirir. İstər iqtisadiyyat, istər hərbi, istərsə də başqa sahələrdə bütün üstünlüklər məhz Azərbaycanın tərəfindədir. Buna misal olaraq, biz bugünlərdə Azərbaycan-İtaliya münasibətlərinin yüksək və səmərəli əlaqələrini, dövlət başçılarımız arasında əldə edilmiş münbit razılaşmaları da göstərə bilərik.

Pyotr Svitalski: "Ermənistanın AB ilə münasibətlərində heç bir dəyişiklik yoxdur"

Qeyd edək ki, yalan maşını hesab edilən erməni mediası Paşinyanın guya Avropa Birliyi ailəsi ilə münasibətlərini şişirtməklə, bunu erməni baş nazirin dividentinə yazmağa çalışırlar. Ancaq gəlin görək, bu belədirmi? Əlbəttə ki, belə deyil. Çünki fakt budur ki, Avropa Birliyi ilə Ermənistan arasındakı münasibətlərdə dərin böhran yaranıb. Hətta Brüssel görüşlərində bir sıra xarici medialar Nikolu siyasi demaqoq adlandırıb, onun "Avropa dəyərlərinə yaxınlaşmaq" cəhdi siyasi artistizmin ən yüksək nümunəsi olaraq göstərilib. Məsələn, Nikol Paşinyanla Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalski arasındakı sərt mübahisəni nəzərə alarsaq, Brüssel bundan sonra Ermənistanın siyasətindəki "yeniliklər"i ifrat diqqətlə izləyəcəyini vəd edib. Çünki küçədən gələn baş nazirin diplomatic gedişləri kimsəni qane etməyib. Ona görə də rəsmi Brüssel Ermənistnla münasibətlərinə yenidən baxmağa, daha dəqiqi, rəsmi Yerevanla əlaqələri inkişaf etdirməyə tələsmir. AB-nin Ermənistandakı səfiri P.Svitalski isə daha sərt danışıb: "Avropa Birliyi Ermənistanla bağlı siyasətini necə və niyə dəyişməlidir ki, Ermənistanın AB ilə münasibətlərində heç bir dəyişiklik yoxdur".

Anuş Sedrakyan: "Azərbaycan bütün imkanlardan, o cümlədən iqtisadi resurslarından hərbi məqsədlər üçün yararlana bilər"

Bu arada erməni politoloq Anuş Sedrakyan erməniləri təlaşa salan məqamları dilə gətirib. Onun sözlərinə görə, Fransanın Azərbaycanla münasibətlərini intensivləşdirməyə başlaması Ermənistan üçün çox təhlükəlidir.

"Azərbaycan bütün imkanlardan, o cümlədən iqtisadi resurslarından hərbi məqsədlər üçün yararlana bilər. Avropa Birliyi ölkələri isə münasib və qeyri-münasib hər yerdə müttəfiq aramağa başlayıblar. Belədə sual yaranır: niyə bu müttəfiq Ermənistan deyil?! Çünki Avropa Birliyini efemer hüquqi və demokratik məsələlər yox, iqtisadi, energetik, təbii qaz təminatı və hərbi aspektdəki problemlərin həlli maraqlandırır. Donald Trampın son qərarlarından sonra Avropa ölkələri üçün məhdudlaşan ABŞ bazarlarının yerinə yeni bazarlar uğrunda mübarizə gedir", - Anuş Sedrakyan deyib.

Kayts Minasyan: "Müttəfiq və dost saydığımız Fransa indi Azərbaycanla münasibətləri daha da sürətləndirməyə və genişləndirməyə başlayır"

Fransa Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kayts Minasyan isə deyib: "Azərbaycan iqtisadiyyatı güclüdür. Ermənistanla müqayisədə isə lap güclüdür. Bu səbəbdən də müttəfiq və dost saydığımız Fransa indi Azərbaycanla münasibətləri daha da sürətləndirməyə və genişləndirməyə başlayır",

Bütün bun kimi etiraflar, özü də ermənilər tərəfindən edilən etiraflar bütün kartları açaraq, ortaya qoyur – işğalçı ölkə son nəticədə öz işğalçılığının ağır nəticələrini dadmağa başlayıb. Bu gün Fransanın Azərbaycanla münasibətlərini gücləndirməsi isə, əslində ermənilərin hansı vəziyyətə qədər düşəcəklərini bəri başdan müəyyən edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə