Dövlət Filarmoniyasında YAP-ın ilk ərazi partiya təşkilatı yaradıldı TƏDBİR - SƏS TV

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ilk ərazi partiya təşkilatı yaradılıb. SİA-nın verdiyi məlumata görə, bununla bağlı təşkil olunmuş tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, Dövlət Filarmoniyasının direktor müavini Afət Məlikov, YAP Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Dövlət Filarmoniyasının əməkdaşları və fəal gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Məlikov bildirib ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Dövlət Filarmoniyasında ilk ərazi partiya təşkilatının yaranmasına zərurət kollektivin çoxsaylı müraciətləri əsasında baş verib.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev isə belə bir addımın atılmasından qürur hissi duyduğunu dilə gətirib və Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib. Bildirilib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Qeyd edilib ki, Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, həmçinin Qafqaz regionunda ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə oluna biləcək bir qurum yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət edir.

O bildirib ki, hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib: “Həqiqətən Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır. Bu gün Azərbaycan transmilli layihələrin müəllifidir, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Hazırda yeni çağırışlar var, ölkədə bilik iqtisadiyyatı cəmiyyəti formalaşır. Neft kapitalı insan kapitalına çevrilir. Biz bu çağırışlara cavab verməliyik”.

Tədbirə diskussiya şəklində yekun vurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə