"Heç bir qüvvə Azərbaycan dövlətçiliyini sarsıda bilməz" MÜNASİBƏT

Muxtar Nağıyev: "Artıq faktlar da belə qənaətə gəlməyə əsas verir ki, Əli Kərimli Fətullah Gülən üçün hər zaman əlverişli mənbə olub"

"Azərbaycannın dövlətçilik maraqları, xalq-dövlət vəhdətinin bariz nümunəsi heç vaxt imkan verməz ki, hansısa xarici təşkilat, yaxud da ölkəmizin müstəqilliyinə müdaxilə etməyə cəhd edən qurum, eləcə də daxili-xarici ünsürlər bu birliyə xələl gətirsin. Azərbaycanın qanunları var və buna cəhd edənlər mütləq layiqli cavabını alacaqlar". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev son günlər AXCP sədri Əli Kərimlinin Türkiyədə hərbi çevriliş etməyə cəhd edən FETÖ-nun lideri Fətullah Gülənlə qurduğu gizli işbirliyinə münasibət bildirərkən deyib.

YAP rəsmisi xatırladıb ki, ötən ay - iyul ayının 15-də Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Lakin qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa çağırışından sonra Türkiyə dövləti və xalqı birlikdə çevrilişin qarşısını alıb: "Bundan sonra isə çevrilişə cəhd etmiş və bu planın arxasında duran FETÖ-çuların direktivlərilə hərəkət edən xəyanətkarların həbsi başlayıb. Sonradan FETÖ şəbəkəsinin bir sıra ölkələrlə yanaşı, Azərbaycana da sirayət etmək cəhdləri məlum olub ki, məhz burada AXCP sədrinin adının hallanması sonradan bir çox faktlarla sübutü yeririlməkdədir".

"Fətullahçıların fəaliyyəti təkcə Türkiyə miqyası ilə məhdudlaşmayıb"

Muxtar Nağıyev qeyd edib ki, bu kimi vəziyyət Əli Kərimli kimi xəyanətkar siyasətçi üçün birinci deyil. Belə ki, onun bütün dövrlərdə bu və ya digər şəkildə anti-Azərbaycan xarakterli xarici təşkilatlarla iş birlikləri mövcud olub. Məqsəd isə hər nə yolla olursa-olsun, hakimiyyətə gəlmək idi: "Bu baxımdan, Türkiyədə başlanan bu proseslərin araşdırılması dərinləşdikcə, növbəti dəfə aydın olub ki, fətullahçıların fəaliyyəti təkcə Türkiyə miqyası ilə məhdudlaşmır. Türkiyə ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya, eyni zamanda, ərəb ölkələrində də geniş agentura şəbəkəsi quraraq, süni siyasi böhranların yaradılması üçün uyğun vaxtı gözləyirmişlər. Azərbaycanın bütün sahələrdə güclü inkişaf yolu keçməsi, dünyanın siyasi arenasında söz sahibinə çevrilməsini istəməyən qüvvələr isə hər zaman olub. Onlar ilk növbədə Fətullah Gülənin FETÖ təşkilatına xüsusi tapşırıqlar verərək, növbəti mərhələdə Azərbaycanı da hədəfə almağı tapşırıb. Artıq faktlar da belə qənaətə gəlməyə əsas verir ki, Əli Kərimli Fətullah Gülən üçün hər zaman əlverişli mənbə olub. Özü də bu xəyanətkar əməkdaşlıq bir neçə illərə qədər gedib çıxır.

Beləliklə, fətullahçılar Azərbaycanda da "beşinci kolon"un xidmətlərin istifadə etmək və ölkədə qarışıqlıq yaratmaq planlarını işləyib-hazırlayıb. Məhz ilk olaraq, Türkiyə hökumətinin siyasi-hərbi və ictimai sektordakı fətullahçı terror təşkilatı FETÖ tərəfdarlarını təmizləmə əməliyyatları Əli Kərimlinin televiziya məkanına çıxan yeganə yolunu bağladı".

"Əli Kərimlinin, həm də Qənimət Zahidin səs-küyləri bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu"

YAP funksioneri o cümlədən deyib ki, AXCP sədrinin Türkiyə mediasında təbliğatını da Gülən təşkilatı planlaşdırıb: "Belə ki, Türkiyədə bağlanan 16 fətullahçı telekanal arasında AXCP-nin "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TV və "Can Ərzincan" TV-si də var idi. Bu televiziyaların bağlanmasından sonra həm Əli Kərimlinin, həm də Qənimət Zahidin səs-küyləri bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu".

Muxtar Nağıyev xüsusilə vurğulayıb ki, bundan başqa, bu günə qədər Qərbdəki bəzi anti-Azərbaycan dairələrindən AXCP sədri üçün gələn maliyyə vəsaitlərinin elə Fətullah Gülənə məxsus olması da üzə çıxmış olub: "Vaxtilə "Eurovision-2012", 2013-cü il Prezident seçkiləri, 2015-ci ildə I Avropa Oyunları zamanı Qərbdəki dairələrdən aldığı maliyyənin böyük hissəsinin, məhz FETÖ-çülərə aid olması artıq heç kəsdə şübhə doğurmur".

"Azərbaycan dövlətinin bu məsələdə bilavasitə qardaş Türkiyənin yanında olduğu, qardaş ölkənin maraqlarını müdafiə etdiyi bir zamanda Əli Kərilmi oğlunu nəyə görə Amerikaya göndərib?"

"Ümumiyyətlə, FETÖ lideri ilə Əli Kərimlinin sıx əlaqələrinin olması faktını AXCP sədrinin oğlu Türkel Kərimlinin yaxın zamalarda ABŞ-a səfəri bir daha isbatladı"-deyə qeyd edən Muxtar Naöıyev həmçinin bildirib ki, Türkiyədə Fətullah Gülən şəbəkəsi ətrafında gərgin anların yaşandığı vaxt Əli Kərimli oğlu Türkel Kərimlini ABŞ-a göndədir və onun Vaşinqtonda bir sıra siyasətçi, zəngin iş adamları ilə görüşünü təşkil edir: "Sual olunur: Türkiyə ilə ABŞ arasında Fətullah Gülənlə bağlı ciddi qalmaqalın yaşandığı bir zamanda, Azərbaycan dövlətinin bu məsələdə bilavasitə qardaş Türkiyənin yanında olduğu, qardaş ölkənin maraqlarını müdafiə etdiyi bir zamanda Əli Kərimli oğlunu nəyə görə Amerikaya göndərib? Çox yəqin ki, FETÖ-dən növbəti təlimatlarını almaq və onları icra etmək üçün. Əbəs yerə deyil ki, Türkel Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib. Fətullah Gülən də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunduğundan, Əli Kərimli maddi vəsaitləri və "Azərbaycan saatı"na yeni efir meydanı almaq üçün oğlunu "elçi" kimi okeanın o tayına göndərib".

Müsahibimiz sonda qeyd edib ki, heç bir halda Azərbaycan dövləti belə ünsürlərin ayaq açıb yürümələrinə, xəyanətkarların dövlətçilik maraqlarına qarşı çıxmalarına imkan verməyəcək: "Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi, dünyada söz sahibinə çevrilməsi faktoru kifayət qədər bu fikrə əsaslanmağa zəmin yaradır. Əli Kərimli və onun kimi beş-on nəfər xəyanətlarlar isə əslində qanun qarşısına çıxıb, xalqa cavab verməlidirlər. Bugünə qədər etdikləri xəyanətlərinə görə".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə