Qadınlara təcavüz edən kahin məhkəməyə çıxarılacaq

Braziliyada ruhani bacarıqları ilə şəfa verdiyini iddia edən, dünyaca məşhur kahin Yoah Teyxeyra da Fariya aralarında qızının da olduğu 200-dən çox qadının şikayəti əsasında təcavüz ittihamı əsasında mühakimə olunacaq. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bədəninə 30 həkim ruhunun və başqa varlıqların girdiyini, xəstələrini isə özünün yox, bu şeylərin müalicə etdiyini bildirən “Tanrının əli” ləqəbli Fariya, 2013-cü ildə Ofra Uinfreyin proqramına çıxdıqdan sonra beynəlxalq müstəvidə məşhur olmuş və pop ulduzlarına, hətta Braziliya prezidentinə belə, “şəfa vermişdir”.

40 ildən uzun müddət ərzində kahinlik edən Fariya xərçəng də daxil olmaqla hər növ xəstəliyi sağaltdığını iddia edir.

17 dekabr tarixində nəzarətə götürüldüyü bildirilən Fariyanın “klinikasının” yerləşdiyi Abadianadakı məhkəmə, dörd qadın tərəfindən yazılmış iddia ərizəsini qəbul edib. Prokurorlar Fariyanın bu qadınlardan ikisinə təcavüz etdiyini açıqlayıb.

“Təcavüzə uğradım, ancaq qaçmadım”

Qeyd olunur ki, dünya miqyasında minlərlə müridi olan Fariya haqqında ilk ittiham Hollandiyalı xoreoqraf Zahira Maus tərəfindən edilib. Belə ki, “TV Globo”nun proqramında çıxış edən Maus, Fariyanın ona təcavüz etdiyini deyib. Maus, klinikanın hamamında Fariyanın onu cinsi əlaqəyə məcbur etdiyini, ancaq təcavüzə uğramasına rəğmən qaçmağa çalışmadığını, çünki bunu o an üçün “böyük bir özəllik” olaraq gördüyünü açıqlayıb.

“Çünki pis ruhları üzərimə çəkmək istəmirdim” deyə proqramda özünə haqq qazandıran Zahira Maus 2014-cü ildə Fariaya daha öncə uğradığı cinsi təcavüzlərdən qurtulmaq üçün müraciət etdiyinə diqqət çəkərkən göz yaşlarına boğulub.

“TV Globo” daha sonra Abadianada üç ay ərzində Fariyanın onlara təcavüz etdiyini deyən 12 qadınla da əlaqə yaradıb. Proqramda adı çəkilməyən braziliyalı qadınlar, depressiyadan xilas olmaq üçün getdikləri Fariyanın onlara “aydınladıcı enerjisini ötürərkən” hücum etdiyini deyiblər.

Məlumatda bildirilir ki, proqramdan sonra, 200-dən çox qadın, prokurorluqda yaradılmış xüsusi birliyə şikayət edib.

Qeyd edək ki, Tibbi həkim olmayan Fariya daha öncələr də sənədsiz klinika işlətmə ittihamından dolayı həbs və pul cəzasına tuş gəlib. Üstəlik, keçmiş Braziliya prezidentləri Luiz İnasio Lula da Silva, Dilma Rousef və Mişel Temerin də Fariyanın seanslarına qatılması haqqında yetərincə əsaslı məlumatlar var.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...