DMX rəisi: "Hökumət ilə biznes ictimaiyyəti arasında müntəzəm görüşlər keçirilməlidir"

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı və çıxışı ilə xarakterizə olunan aylıq işgüzar nahar təşkil edib. Xidmətdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Vüsal Hüseynov biznes sektoru nümayəndələri ilə birbaşa növbəti görüş imkanına görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, ölkəyə gələn əcnəbilərin müraciət etdiyi ilk sahələrdən biri də DMX-dir. Bu baxımdan miqrasiya sahəsində şəffaflığın və rahatlığın təmin edilməsi Xidmətin əsas prioritetlərindəndir. Çünki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir. Xidmət rəisinin sözlərinə görə, böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verir ki, bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir. Vüsal Hüseynov onu da bildirib ki, DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəyə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələri genişləndirilir. O, DMX yanında yaradılacaq Məşvərət Şurasının işində "AmCham" nümayəndələrinin də təmsil olunacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb. İlk görüşdə aparılan müzakirələrdə fəal iştirakları ilə bu layihənin gerçəkləşməsinə verdikləri dəstəyi qeyd edib və bildirib ki, "Ağ sənəd", "Avropa İttifaqının Azərbaycan üzrə biznes mühiti hesabatı" və digər sənədlərdə əksini tapan fikirləriniz və rəyləriniz ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, biznes dairələrinin təklifləri Xidmətdə ətraflı təhlil olunur və nəzərə alınır. Vüsal Hüseynov ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və yerli əhalinin məşğulluğunun artırılması, eləcə də yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şirkətləri milli kadrlara təlimlər keçirilməsi yolu ilə milliləşdirmə siyasəti aparmağa dəvət edib. Xidmət rəisi onu da əlavə edib ki, qanunvericiliyin sadələşdirilməsi istiqamətində də işlər davam etdirilməkdədir. Sonda DMX rəisi hökumət ilə biznes ictimaiyyəti arasında müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, qonaqlara və dəvət üçün "AmCham Azərbaycan" nümayəndələrinə öz təşəkkürünü bildirib və ölkənin işgüzar mühitinin daha da inkişaf etdirilməsi istiqamətində yerinə yetirilən səmərəli işlərin təqdirəlayiq olduğunu qeyd edib. ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının (OPIC) Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru xanım Tara Bleyk də tədbirdə qonaq-məruzəçi qismində çıxış edərək "AmCham" üzvləri üçün özəl sektora investisiya qoyuluşu imkanları və mövcud çətinliklər haqqında məlumat verib. O, ABŞ-ın Azərbaycana qoya biləcəyi investisiya imkanlarına nəzər salaraq investisiya qoyuluşu üçün ən cəlbedici sektorları və sahələri qısaca təsvir etdi və Amerikanın özəl kapitalının Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə töhfə verməklə Azərbaycan hökumətinin təşəbbüskarı olduğu stimullaşdırıcı tədbirlərin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, işgüzar nahar "AmCham"ın üzvləri tərəfindən keçirilmiş şirkət təqdimatları ilə yadda qaldı. Tədbirdə təxminən 150 qonaq, o cümlədən diplomatik korpusun nümayəndələri iştirak edib. Qeyd edək ki, "Amcham Azərbaycan" üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" iqtisadiyyatın hər bir sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...