Azərbaycan əhalisinin sayı cari ilin əvvəlindən 40 min 96 nəfər və ya 0,4 faiz artaraq 2017-ci il iyul ayının 1-i vəziyyətinə 9 milyon 850 min 77 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 min 885 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

Cari ilin birinci yarısında ölkədə 29 min 477 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub. 2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 min 153 nikah və 7 min 287 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1487 nəfər Azərbaycana gələn, 799 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 688 nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə