Xalq artisti: "Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi" - Özəl- Münasibət

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu artıq başa çatıb. SİA-nın məlumatına görə, seçim turları Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında təşkil olunmuşdur.

Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə münsiflər heyətinin tərkibində seçim turlarını izlədiyini bildirib: “Bərdə, Şəki, Gəncə və İsmayıllıda baş tutan seçim turlarında ətraf rayon və şəhərlərin istedadlı gəncləri də iştirak edirdi. Səbir, təmkin və diqqətlə bütün iştirakçıları dinlədik. Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi. Muğam ifaçılığı göz qarşısında olan sənətdir. Hamı dinləyirdi və fikrini bildirirdi. Müsabiqə dövlətimizin adına layiqli bir tədbir, eyni zamanda, bizlər üçün şərəfli bir iş və məsuliyyətdir”.

Qeyd edək ki, Bakıda keçiriləcək seçim turu Beynəlxalq Muğam Mərkəzində olacaq. Beləliklə, müsabiqə iştirakçılarının seçim prosesi başa çatacaq. Ənənəvi olaraq Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə Novruz bayramı ərəfəsində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə