“Türk Filmləri Həftəsi”nə start verilir

Bu gün 3-cü “Türk Filmləri Həftəsi”nə start verilir. SİA-nın məlumatına görə, axşam saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq rəsmi açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, eləcə də festivalın baş koordinatoru Öner Kılıç çıxış edəcəklər.

Daha sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunacaq.

Noyabrın 20-dək davam edəcək festival çərçivəsində Nizami Kino Mərkəzində yerli tamaçaşılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, 3-cü “Türk Filmləri Həftəsi” Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsi və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə həyata keçirilir.

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir.

“Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə