“YARAT”da yeni rəqs növü üzrə ustad dərsləri davam edir

“YARAT” Müasir İncəsənət Mərkəzində “DanceAbility Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “DanceAbility – inklüziv rəqs” ustad dərsləri davam edir. SİA-nın məlumatına görə, tanınmış rəqs pedaqoqu Nigar Sultanovanın rəhbərliyi ilə aparılan dərslər iştirakçılar tərəfindən maraqla qarşılanır. Sentyabrın 30-dək davam edəcək dərslərə peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindromlu, nitq, görmə və eşitmə qabiliyyəti məhdud, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli baxımdan qüsurlu insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa marağı olan hər kəs qatıla bilər. “DanceAbility” istər peşəkar, istər daha az təcrübəli rəqqaslar, sağlamlıq baxımından isə hər kəsin üzünə açıq olan özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən hazırlanıb. Alito Alessi son 30 ildə dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlara malik iştirakçılarla iş prosesindən bəhrələnib.

“DanceAbility” rəsmi olaraq Azərbaycanla yanaşı, Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. Şirkət intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir.

loading...