Ruslan Sabirli: “Xəyanət normal hala çevrilib" MÜSAHİBƏ

"CNC Film School"un rəhbəri, kinoaktyor Ruslan Sabirlinin SİA-ya müsahibəsi:

- Aktyorluq təhsiliniz var?

- Aktyorluq profili üzrə ali təhsilim yoxdur. Lakin təcrübəmi artırmaq üçün artıq Hollywood və Avropa aktyorları ilə işə başlayıram.

- Sizcə aktyor olmaq üçün təhsil almaq vacibdirmi?

- Ümumiyyətlə təkcə aktyorluq deyil, hər bir sahədə çalışmaq və inkişaf etmək üçün təhsil önəmlidir. Təkcə istedadla iş bitmir. Həmin bacarığı düzgün yönləndirmək və inkişaf etidrmək çox vacibdir. Elə məhz bu düşüncələrimdən irəli gələrək mənim kimi kino sahəsinə həvəsi və istedadı olan insanlara yardımçı olmaq məqsədilə Film Məktəbini təsis etdim. Məzunlarımızla çəkdiyim qısa imtahan filmlərinə baxanda, onlarla fəxr edirəm.

- Hər hansı filmdə məzunlarınızla çəkilmisinizmi?

- Xeyr. Hələ ki, məzunlarımla filmdə çəkilmək qismət olmayıb. Allah nəsib etsə, o da olacaq.

- Sizi seriallardan çox reklamlarda görürük. Buna səbəb nədir?

- Bəli, doğrudur. Bunun bəlli səbəbləri var. Məsələn, son bir il ərzində dörd serial təklifindən imtina etmişəm. Digər bir səbəbi isə, reklamlar say etibarilə seriallardan daha çox çəkilir. Həmçinin televiziya və küçə monitorları vasitəsilə təkrarlanır.

- Sözünüzdən belə bir nəticəyə gəlmək olar ki, reklam sizin üçün serialdan daha önəmlidir...

- Əsla (gülür). Yaxşı kinoaktyor kimi tanınmaq üçün film və seriallara üstünlük verirəm. Reklamlarda isə sadəcə olaraq sima kimi tanınmaq mümkündür. Çünki, reklam hər hansı bir məhsulun və ya obyektin tanıdılmasına xidmət edir. Film isə sənin yaratdığın qəhrəmanın həyatını tamaşaçılara tanıtmağa yönəldilir.

- 4 serial təklifindən imtina etməyinizin səbəbini öyrənə bilərik?

- Mənim üçün ssenari, sujet xətti, rejissor, layihənin mənim şərtlərimə uyğunluğu əhəmiyyət kəsb edir. Elə imtina səbəblərim sadaladıqlarımdan qaynaqlanır.

- Son zamanlar Azərbaycanda kifayət qədər serial çəkilir. Bir aktyor kimi çəkilən serialların keyfiyyətindən razısınızmı?

- Bəli, bu vaxta qədər bizim ölkədə serial təcrübəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seriallara maddi vəsait ayırdıqdan sonra bu sahə sıfırdan qurulmağa başladı və müəyyən irəliləyişlər oldu. Eyni zamanda mən yerli seriallarımızı türk serialları ilə müqayisə etmirəm. Həmişə müsahibələrimdə qeyd edirəm ki, biz serial çəkməyin hələ ilk sinfinə gedib, əlifbasını öyrənirik. Bu prosesi "baltalayanların", seriallarımızı pisləyənlərin əleyhinəyəm. Hazırda serial istehsalçıları arasında rəqabət gedir və hər kəs reytinqli məhsul ortalığa çıxarmağa çalışır. Bu sahənin köməyə ehtiyacı olduğu üçün Azərbaycan Prezidentinin diqqətini bu sahədən əsirgəməyəcəyinə və professional mənada serial institutunun formlaşacağına inanıram.

- Siz ölkəmizdə və ya xaricdə çəkilən hansı serialları izləyirsiniz?

- Düzünü desəm, əvvəldən sonadək hansısa serialı izləməyə vaxtım olmur. Lakin, məlumatlı olmaq və keyfiyyətini təhlil etmək üçün Azərbaycanda çəkilən bütün serialların ilk seriyasına baxıram. Bu, mənə kifayət edir. Xarici seriallardan isə Türkiyə istehsalı olan bir və ya iki serial var ki, onları mütəmadi izləyirəm.

- İzlədiyiniz serialların adlarını öyrənə bilərik?

- Təbii ki! Böyük auditoriya tərəfindən izlənilən "Mühteşem Yüzyıl" və "Kurtlar Vadisi Pusu" seriallarını davamlı olaraq baxıram. Həmçinin artıq sona çatan "Öyle bir geçer zaman ki..." serialını da çox maraqla izləmişəm.

- Bildiyimizə görə, "Sənə İnanıram" serialında baş rolda oynayırsınz. Rolunuz haqda məlumat verərdiniz?

- "Sənə İnanıram" serialında baş qəhrəman "Həmid" Riqada yaşayan 31 yaşlı uğurlu iş adamıdır. O, müstəqil düşüncəyə malik, özünə güvənən, cəmiyyətin qınağından çəkinməyən, ictimai fikrə zidd gedə biləcək qətiyyətli qərarlar qəbul edə bilən və eqoist bir xarakterə malik insandır.

- Canlandırdığınız "Həmid" obrazı ilə "Ruslan" arasında nə kimi oxşar və fərqli cəhətlər var?

- Oxşarlığımız dünya görüşümüz, məqsədyönlü və inadkar olmağımızdadır. Fərqli cəhətimiz isə mən hər şeyi əvvəlcədən götür-qoy edib, sonra qərar verirəm. Həmid isə qəfil qərarlar verə bilir.

- Nə vaxtsa serialınızın ssenarisi kimi hadisə başınıza gəlsə, necə addım atarsınız?

- Məmin başıma belə hadisənin gəlməyəcəyinə inanıram. Çünki, hər şeyi əvvəlcədən planlaşdırıram.

- Axı bütün həyatı planlaşdırmaq mümkün deyil?

- Doğrudur, ona görə də hər hansı bir hadisə öz başına gəlməmiş özünü kiminsə yerinə qoyub, nələrsə demək çox çətindir. Sadəcə, qərar qəbul etməkdə Həmid kimi tələskən olmazdım.

- Daha çox hansı rollarda oynamaq istəyirsiniz?

- Məmnuniyyətlə məxfi agent, döyüş qəhrəmanı və başqa obrazları canlandırmaq istəyərəm.

- Çəkiliş zamanı hər hansı maraqlı hadisələrlə qarşılaşmısınızmı?

- Əlbəttə, çəkilişlər zamanı bir çox maralı hadisələr baş verir. Məsələn, "Sənə İnanıram" serialının ilk bölümündə (tamaşaçılar diqqətlə baxıblarsa, xatırlayacaqlar) bir səhnə var, Həmidin toy kartejini durdurması epizodu. Həmidin dostu İqbal ilə "gəlin" maşınındakı dialoqunun çəkilişi zamanı çox yorğun idik. Həmin gün çox səhnələr çəkmişdik və komanda yorğun olduğu üçün hər dəfə hər hansı səbəbdən səhnə alınmırdı. Vaxt isə sürətlə gedirdi. Sonda komanda ilə var qüvvəmizi toplayıb "bu dəfə mütləq alınacaq" ümidi ilə başladıq. Hər şey əla gedirdi ki, elə söhbətimizin ən maraqlı anında İqbal oturan tərəfdən maşının şüşəsi döyüldü. Kütləvi səhnə oyunçularımızdan idi. Mən, İqbal və operator qanı-qara və əsəbi halda söhbəti dayandırdıq. İqbal şüşəni aşağı salaraq "buyur ağsaqqal" - deyə, dilləndi. Həmin kişi isə "niyə dayanmışıq?"- deyə, cavab verdi. İqbal da öz növbəsində gərgin halda "day-day çəkilişdi burda, iri planları çəkirik, mane olursunuz axı". Pərt olan "day-day" dilləndi: "bala rejissor dedi ki, gəlim yaxınlaşım sizdən soruşum". Sən demə bu ssenariyə əlavə olunubmuş, bizim isə xəbərimiz yoxdur. Sözügedən hadisəni hər çəkiliş vaxtı hələ də xatırlayıb gülürük (gülür).

- Teatrda çalışmaq barədə sizə təklif gəlib? Yoxsa teatrda işləməyin bir o qədər də marağında deyilsiniz?

- Xeyr, hələ ki, belə bir təklif gəlməyib. Lakin teatr tamaşalarına maraqla baxsam da, indiyədək teatrda işləməyin marağında olmamışam.

- Aktyorluqdan başqa hər hansı sahədə çalışırsınızmı?

- Bəli, film məktəbinin (CNC Film School) və kino sahəsinə həsr olunmuş informasiya portalının (cinemanews.az) təsisiçisi, rəhbəriyəm. Bundan əlavə Beynəlxalq sertifikasiyadan keçmiş layihə meneceriyəm.

- Bildiyimizə görə, bəstəkarlıq bacarığınız da var. Bu istedadınızı necə kəşf etmisiniz?

- Bəli (gülür). Musiqilər bəstələyirəm. Mənim musiqi təhsilim var. Tar sinfini bitirmişəm, paralel olaraq fortepiano, solfecio fənnləri də keçirdim. Orta məktəb tədbirlərində ifa edirdim, ali məktəbdə isə xalq mahnılarını müasir aranjimanda təqdim etmişəm. Lakin sonralar fortepianoya yaranan həvəsim məni musiqi yazmağa gətirib çıxardı. İlk bəstəm olan "Çiçəklərin rəqsi" kompozisiyamı 11-ci sinifdə oxuyarkən yazmışam.

- Sosial şəbəkədə yeni film çəkəcəyiniz barədə də yazmısınız. Bu haqda məlumat verərdiniz?

- Film çəkmək niyyətim var, sadəcə olaraq "Sənə İnanıram" serialından gələn təklifi qəbul etdiyim üçün müvəqqəti olaraq bu məsələni dondurdum.

- Yeni filminizi hansı mövzuda çəkmək istəyirsiniz?

- Əslində istənilən mövzudan film çəkmək mümkündür. Əsas odur ki, yaxşı sujet xətti və ssenari yazarı olsun.

- Həyatda imtina edə bilməyəcəyiniz yeganə təklif nə ola bilər?

- Keçmişə qayıdıb atamla keçirdiyim anları bir daha yaşamaq.

- Oxucuları təəccübləndirən bir etiraf edə bilərsiniz?

- "Sənə İnanıram" serialında Həmidin Əminəyə ifa etdiyi "Love Story" musiqisini məhz özüm ifa etmişəm. Bu kompozisiya mənim ən çox sevdiyim melodiyalardandır və əslində onu mənim yaradıcılığımı sevən hər kəsə həsr etmişəm.

- Nə vaxtsa peşman olmusunuzmu?

- Xeyr, heç vaxt heç nəyə görə peşman olmuram, nəticə çıxarıram. Həyatımda nə baş verirsə, mənim istəyimlə olur. Mənim arzulamadığım hadisələri isə Allah yaxşılığım üçün edir.

- Çəkildiyiniz serial və ya filmlər arasında özünüzə ən yaxını hansını hiss etmisiniz?

- Bilirsiniz, bu vaxtadək oynadığım bütün rolların hamısında məndən və mənim həyatımdan kiçik bir parça, hissə olub. Lakin bunlardan ən yaxını "Həyat varsa" serialının "Xəyanət" və "Sürücü" bölümləri olub.

- Heç həyatda xəyanətlə qarşılaşmısınızmı?

- Təəssüf ki, müasir dövrümüzdə dost xəyanəti normal hala çevrilib. Lakin söhbət sevgi xəyanətindən gedirsə, üzləşməmişəm.

- Həyatda nədən ilham alırsınız?

- Məni yalnız sevgi və gözəllik ilhamlandıra bilir.

- Ən zəif nöqtəniz nədir?

- Ən zəif nöqtəm sevmək hissimdir.

- Sizi kim və nə əsəbləşdirə bilər?

- Məni ədalətsizlik, vicdansızlıq və bu hisslərə malik insanlar qəzəbləndirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə