Süveyş kanalından bir gündə rekord sayda yük gəmisi keçib

Qlobal ticarət əlaqələrinin 12 faizini təmin edən və Misirin əsas valyuta mənbələrindən biri olan Süveyş kanalından avqustun 6-da rekord sayda yük gəmisi keçib. Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə jurnalistlərə müsahibəsində bildirib ki, şənbə günü kanaldan 5,2 milyon ton yük daşıyan 89 gəmi keçib. Onun sözlərinə görə, şimal istiqamətindən 44, cənub istiqamətindən isə 45 gəmi təhlükəsiz şəraitdə yola salınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, genişləndirmə işləri tamamlandıqdan sonra Süveyş kanalının gündəlik tranzit həcmi daha da artıb. Ən yüksək göstərici ötən il sentyabrın 21-də qeydə alınıb. Həmin gün kanaldan 87 gəmi keçib. Bununla yanaşı, Süveyş kanalının gəlirləri də rekord səviyyəyə çatıb. Belə ki, iyulda gəmilərin keçidindən aylıq tranzit gəlir 704 milyon dollara çatıb. Hazırda Misir hökuməti Süveyş kanalının ikitərəfli seqmentinin daha 10 kilometr uzadılması və eninin 40 metr genişləndirilməsi layihəsini həyata keçirir. Bu, kanaldan supertankerlərin və daha böyük quru yük gəmilərinin rahat keçməsini təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...