Lavrovla Blinkenin görüşündən gözləntilər PARİSDƏ MÜZAKİRƏ OLUNUB

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinkenin cümə günü İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşü tərəflər arasında dialoq çərçivəsində faydalı və əhəmiyyətli olardı. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

Diqqətə çatdıraq ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Blinkenin Kiyev və Berlinə səfərlərindən sonra cümə günü Lavrovla Cenevrədə görüşəcəyini bildirmişdi. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova görüşün üzərində işləndiyini təsdiqləyib.

"Biz hələ də dialoqa hazırıq və buna görə də Rusiyanın da buna hazır olmasını istəyirik. Amerikalı həmkarım və cənab Lavrov arasında cümə günü Cenevrədə keçiriləcək danışıqlar bu baxımdan faydalı və əhəmiyyətli olacaq", deyə Jan-İv Lö Drian Parisdə Kanadanın xarici işlər naziri Melani Coli ilə görüşü zamanı bildirib. Onun sözlərini Fransa departamentinin mətbuat xidməti sitat gətirib.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Rusiya ilə “tələbkar dialoq”un tərəfdarı olub və təhlükəsizlik danışıqlarının “masasında olması lazım olan” dörd mövzunu qeyd edib. Bunlara Helsinki razılaşmalarının və 1990-cı il Paris Xartiyasının prinsiplərinin təsdiqi, silahlara nəzarət məsələsi, “döyüş əməliyyatlarının proqnozlaşdırılması və şəffaflığı” və Donbass üzrə Normandiya formatında Minsk razılaşmalarının həyata keçirilməsi daxildir.

Xatırladaq ki, Moskva dəfələrlə bəyan edib ki, Kiyev Minsk razılaşmalarına əməl etmir və Donbassdakı münaqişənin həlli ilə bağlı danışıqları gecikdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...