ABŞ vətəndaşlarını bu ölkədən çıxmağa çağırdı

ABŞ dövlət katibi Antoni Blinken Afrika ziyarətinin ilk məntəqəsi olan Keniyada həmkarı Raychelle Omamo ilə keçirdiyi birgə mətbuat konfransında Keniya ilə sıx əlaqələrə vurğu edərək, səfər zamanı regional inkişafların da müzakirə edildiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Keniya prezidenti Uhuru Kenyatta ilə görüşən Blinken Kenyattanın Efiopiya ordusu ilə üsyançı qruplar arasında davam edən qarşıdurmaya son qoymaq səylərindən məmnunluğunu ifadə edib. Afrika Birliyinin bu istiqamətdə atdığı addımları da dəstəklədiklərini qeyd edən Blinken, "Efiopiyadakı bütün ABŞ vətəndaşlarının mövcud olan ən yaxşı variantla ölkəni tərk etmələrini istəyirik" deyə əlavə edib. Blinken Efiopiyada ən qısa zamanda atəşkəs əldə edilməli olduğunu və bu münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb. “Biz Sudanda demokratik transformasiya istəyirik” Keniyanın Sudana hərbi müdaxiləyə qarşı mövqeyini vurğulayan Blinken, hər iki ölkənin Sudanda demokratik transformasiya olmasını istədiyini bildirib. Blinken qeyd edib ki, Keniya və ABŞ ictimai səhiyyə və regional məsələlər, xüsusilə iqtisadi rifah və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək. Blinken, Afrika Birliyinin Somalidəki missiyasına verdiyi töhfələrə görə Keniyaya təşəkkür edib və iki ölkənin Əl-Şəbab və digər terror təşkilatlarını məğlub etmək üçün birlikdə çalışdığına diqqət çəkib.

Qeyd edək ki, Keniyadan sonra Blinkenin Nigeriya və Seneqala səfəri planlaşdırılır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə