Hava limanının fəaliyyəti bərpa olunacaq

Sudan Mülki Aviasiya İdarəsi çərşənbə axşamı paytaxt Xartumdakı hava limanına bütün uçuşların oktyabrın 30-na qədər dayandırılması qərarını ləğv edib. SİA xəbər verir ki, bu barədə hava limanının bəyanatında deyilir.

"Sudan Mülki Aviasiya İdarəsi pilotlara bütün uçuşların dayandırıldığı əvvəlki əmri ləğv edən bildiriş verib", deyə departament çərşənbə günü Xartum Beynəlxalq Hava Limanının Facebook səhifəsində qeyd edib.

Qeyd edk ki, ofis çərşənbə axşamı günü yerli vaxtla oktyabrın 26-dan oktyabrın 30-u səhər saat 02:00-a qədər Xartum Beynəlxalq Hava Limanına və hava limanından bütün uçuşların dayandırılması barədə qərar qəbul etmişdi.

Sudan hərbçiləri bazar ertəsi səhər baş nazir Abdullah Hamdoku və daha bir neçə hökumət üzvünü saxlayıblar. Sudanın Keçid Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan televiziya ilə xalqa müraciətində fövqəladə vəziyyətin tətbiqi və ölkə hökumətinin buraxılması barədə məlumat verib. Çərşənbə axşamı məlum olub ki, Hamdok və həyat yoldaşı paytaxtdakı iqamətgahlarına qayıdıblar.

Xatırladaq ki, 2019-cu ilin aprelində Sudanda dərin iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi fonunda xalq etirazları ilə alovlanan hərbi çevriliş baş verib. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və daha sonra həbs edilib.

2021-ci ilin sentyabrında Sudan hakimiyyəti ölkədə hərbi çevrilişə cəhdin qarşısını aldıqlarını açıqlayıb. Silahlı qüvvələrin komandanlığından verilən açıqlamaya görə, çevriliş cəhdi iştirakçılarının əksəriyyəti, o cümlədən 21 zabit və çoxlu əsgər saxlanılıb. Sudanın baş naziri Abdullah Hamdok o zaman demişdi ki, çevriliş cəhdi ordu və təhlükəsizlik orqanlarında islahatlara ehtiyac olduğunu göstərir. Sudan hakimiyyəti eks-prezident Ömər əl-Bəşirin tərəfdarlarını qiyamın təşkilatçıları adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə