Xilasetmə qrupundan 15 nəfər həyatını itirib

Müdafiə naziri Nurlan Yermekbayev avqustun 26 -da Qazaxıstanda hərbi sursat anbarında baş verən partlayışda hərbi personal və xilasetmə qrupundan olan 15 nəfərin həyatını itirdikdən sonra istefa vermək qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Prezidentinin Mətbuat sözçüsü Berik Uali mövzu ilə əlaqədar verdiyi açıqlamada, prezident Kasım Cömert Tokayevin müdafiə naziri Yermekbayevin istefa məktubunu qəbul etdiyini ifadə edib. Yermekbayev, keçən həftə ölkənin cənubundakı hərbi sursat anbarında baş verən partlayışdan sonra bölgədəki vəziyyəti nəzarətə götürdükdən sonra istefa verməyə hazır olduğunu deyib. Qazaxıstanda 26 avqustda yerli vaxtla saat 19.00 -da Cambıl əyalətinin Bayzakov rayonundakı hərbi hissənin silah -sursat anbarında baş verən yanğın partlayışa səbəb olub. Hərbi sursat anbarında bir -birinin ardınca meydana gələn partlayışlarda hərbi personal və xilasetmə qrupundan 15 nəfər həyatını itirib və əksəriyyəti yanğınsöndürənlər və xilasedicilər olmaqla 90 nəfər yaralanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə