Məşhur kunq-fu şaolin mədəbi COVID-19 səbəbindən ziyarətçilər üçün yenidən bağlayıb

Çinin Hınan vilayətindəki məşhur kunq-fu şaolin mədəbi COVID-19 səbəbindən qapılarını ziyarətçilər üçün yenidən bağlayıb.

SİA yerli KİV-lərə istinadla xəbər verir ki, qonşu Hebey vilayətində virusa yoluxma hallarının çoxalması fonunda ölkənin virusun ikinci dalğası ilə üz-üzə qalması səbəbindən belə qərar qəbul edilib. Məbədin yerləşdiyi Sonsan dağındakı turizm-kurort zonasının rəhbərliyi yanvarın 13-dən ziyarətçi qəbulunu dayandırıb. Məbədin hansı tarixdə açılması epidemioloji vəziyyətin yaxşılaşmasından asılı olacaq. Turizm-kurort zonasında açıq havada olan digər obyektlər isə sərt karantin tədbirləri çərçivəsində fəaliyyətini davam etdirir.

Hınan vilayətindəki başqa məbədlər də kütləvi toplaşmaların qarşısını almaq üçün bütün dini ziyarətləri dayandırıb.

Qeyd edək ki, şaolin məbədi Çinin digər turizm və mədəni obyekti kimi ötən ilin yanvarında ölkədə COVID-19 virusunun sürətlə yayıldığı günlərdə ilk dəfə bağlanmışdı. Dünya şöhrətli məbəd 5 aylıq fasilədən sonra - iyunun sonunda qapılarını ziyarətçilər üçün açmışdı. Şimali Vey sülaləsinin hakimiyyəti (386-534-cü illər) dövründə əsası qoyulan məbəd Çində buddizmin yayılmasında və inkişafında böyük rol oynayıb. 2010-cu ildə UNESCO-nin dünya mədəni və təbii irs siyahısına daxil edilən məbəd yerli və xarici turistlərin maraq göstərdiyi populyar məkanlardan biridir. Məbədin ərazisində dini ziyarətgah məkanları ilə yanaşı, kunq-fu (uşu) təlim mərkəzi də fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə