Dialoq aparmaq üçün tərəflərin görüşünü Tbilisidə keçirmək üçün hazırıq - Giorgi Qaxaria

"Gürcüstan Tbilisidə dialoq aparmaq üçün münaqişə tərəflərinin nümayəndələrinin görüşünə ev sahibliyi etmək də daxil olmaqla prosesi asanlaşdırmağa hazırdır".

SİA-nın məlumatına görə, bunu Azərbaycan və Ermənistan arasında davam edən hərbi münaqişə ilə bağlı açıqlama verən Gürcüstanın Baş naziri Giorgi Qaxaria deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində çətin vəziyyət yaranıb, böyük itkilər oldu. Təəssüf ki, döyüş əməliyyatlarının dayandırılması və dialoqun bərpası bu günə qədər mümkün olmayıb:

"Hər kəs vəziyyətin daha da gərginləşməsi ilə bütün bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcəyini yaxşı bilir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq nümayəndələrini gərginliyi dayandırmaq, dialoqu bərpa etmək üçün imkanlarından maksimum dərəcədə istifadə etməyə çağırırıq".

"Bildiyiniz kimi, ölkəmizin hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla yaxşı qonşuluq münasibətləri mövcuddur. Tarixən Gürcüstanda yaşayan Azərbaycan və Ermənistan vətəndaşlarımız, ölkəmizin və bütövlükdə bölgənin inkişafında və güclənməsində həmişə böyük rol oynamışlar. Eyni zamanda, dinc, sülh içində gürcülərin, ermənilərin və azərbaycanlıların birgə yaşamaları bütün Cənubi Qafqazı sülh və inkişaf sahəsinə çevirmə potensialına sahib olduqlarına dair yaxşı nümunədir. Bizim ümumi maraqlarımız bölgədə ən qısa müddətdə barışıq yaratmaqdır. Gürcüstan, dialoq aparmaq üçün münaqişə tərəflərinin nümayəndələrinin görüşünü Tbilisidə keçirmək üçün hazırdır", - Qaxariya əlavə edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə