Cənubi Koreyada baş verən sel və torpaq sürüşməsi nəticəsində azı 31 nəfər ölüb

Cənubi Koreyada ayın əvvəlindən bəri davam edən güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsi nəticəsində azı 31 nəfərin öldüyü, 11 nəfərin itkin düşdüyü bildirilir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Təbii fəlakətlərə qarşı mübarizə mərkəzində yaradılmış qərargah məlumat yayıb.

Bildirilib ki, keçən həftə sonu Qvanju şəhərində və cənubi, eləcə də şimali Ceolla əyalətlərində 13 nəfər həyatını itirib.

11 şəhər və vilayətdə təxminən 7 min insan sel nəticəsində dağılma təhlükəsi yarandığından evlərini tərk etmək məcburiyyətində qalıb. 3,4 min nəfər hələ də müvəqqəti sığınacaqlarda məskunlaşıb.

Ən azı 14 min yaşayış evlərinə, binalara, həmçinin 4,3 minə yaxın körpü və avtomobil yollarına ziyan dəyib. Ümumilikdə ən az 700 torpaq sürüşməsi qeydə alınıb.

Təxminən 25 min hektar əkin sahəsi su altında qalıb. Leysan yağışları bir sıra dəmir yolu xətlərində nəqliyyatın hərəkətini məhdudlaşdırıb .

“Çanmi” tayfunu Koreya yarımadasına yaxınlaşdıqca, daha çox yağışın olacağı proqnozlaşdırılır.

Tayfunun çərşənbə axşamı səhər saatlarında Ceju adasına yaxın ərazidə baş tutacağı və daha sonra ölkənin cənub sahilinə çatacağı gözlənilir. Proqnoza görə, Cənubi Koreya ərazisində yağışın 80-250 mm arasında olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə