Livan hakimiyyəti Suriya ordusunun keçmiş yüksək rütbəli zabitini ittihamlarla üzləşmək üçün Dəməşqə təhvil verib. Bu, Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra Livanın Əsəd dövrünə aid hərbçini Suriyaya təhvil verdiyi ilk haldır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Livan Ədliyyə və Təhlükəsizlik mənbələrinin məlumatına görə, 67 yaşlı general-mayor *Adel İssa* avqustun 8-də Beyrutdakı Suriya səfirliyinə sənəd işləri üçün müraciət edərkən saxlanılıb. Səfirlik əməkdaşları onun Suriyada həbs qərarı ilə axtarışda olduğunu aşkar etdikdən sonra bu barədə Livan prokurorluğuna məlumat verib.
Suriya Daxili İşlər Nazirliyi bildirib ki, İssa qəsdən adam öldürmə, iki nəfərdən çox şəxsi qətl, işgəncə nəticəsində ölüm, cinayətə şərait yaratma vətəndaş müharibəsi ilə məzhəb qarşıdurması təhrik etməkdə ittiham olunur. Hazırda onun işi Dəməşq məhkəməsinə göndərilib.
Adel İssa 2014-cü ildə Suriya ordusunun 17-ci diviziyasının, daha sonra isə Deyr-əz-Zor əyalətində quru qüvvələrin komandanı olub. Yerli sakinlər bu diviziyanı Rəqqa və Deyr-əz-Zorda illərlə davam edən bombardman və dağıntılarla əlaqələndirir. Saxlanıldığı zaman o, bütün ittihamları rədd edib.
Analitiklər qeyd edirlər ki, bu təhvil Əsəd hakimiyyətinin süqutundan sonra Livandan qaçan onlarla keçmiş hərbi və təhlükəsizlik rəsmisinin gələcək taleyi üçün presedent yarada bilər.
Livan və Suriya 2024-cü ildən sonra münasibətlərdə “yeni səhifə” açmaq barədə razılığa gəlib. Bu ilin fevralında iki ölkə arasında məhkəmə əməkdaşlığı sazişi də imzalanıb. Bazar günü Livan təhlükəsizlik qüvvələri qanunsuz yolla Livana keçən 70 suriyalı, o cümlədən keçmiş ordu zabitlərini də yeni Suriya hakimiyyətinə təhvil verib.
Qeyd edək ki, Əsədin devrilməsindən sonra Suriyada onlarla keçmiş təhlükəsizlik və hərbi rəsmilər həbs olunub, bəzilərinin məhkəməsi artıq başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB