Belə də “qardaşlıq” olar?..

Rusiya sərhədində tonlarla Belarus malları məhv edilir…

...Deməli, artıq bir neçə gün ərzində Rusiya-Belarus sərhədində təxminən 2,4 ton Belarus ərzaq məhsulları "ilişib qalıb".

Belə ki, Pskov vilayətində 1,9 ton pendir, xama və kolbasa geri qaytarılıb, Bryansk vilayətində isə Belarusdan gətirilən 500 kiloqram meyvə-tərəvəz sadəcə poliqonda məhv edilib. Rəsmi olaraq, bu, sənədləşmə işləri ilə bağlı olub.

SİA-nın əldə etdiyi məlumata görə, “Belaruslular və Bazar” yazır ki, əslində bu, "ittifaq ticarəti"nin necə işlədiyinə dair daha bir dərsdir.

İki ölkənin rəsmi açıqlamalarında müntəzəm olaraq "dərin iqtisadi inteqrasiya", "vahid bazarlar" və "kənd təsərrüfatı siyasətinin koordinasiyası"ndan bəhs olunur.

Lakin bu incə səslənən açıqlamaların arasında sərhəddə Rosselxoznadzor müfəttişi dayanır.

...Əgər kimsə hələ də Avrasiya İttifaqı daxilində "vahid iqtisadi məkan" və "qardaşlıq ticarəti" nağılına inanırsa, sadəcə olaraq Rusiya-Belarus sərhədinə baş çəksin. Olmamışam, amma deyilənlərə görə, “baş çəkməyə” gələnlərə orada əsl inteqrasiyanın nə olduğunu tez bir zamanda izah edəcəklər.

Belarusların iddiasına görə, ötən həftə Rusiya tənzimləyici orqanları bir daha iqtisadi dostluğun necə işlədiyini nümayiş etdiriblər.

Yenə də Belarus tərəfinin dediyinə görə, kağız üzərində hər şey mükəmməl görünür. Qaydalar, sənədlər, nəzarətlər…hamısı öz yerində, lakin burada kiçik bir detal var. Belarus və Rusiya Avrasiya İqtisadi Birliyinin bir hissəsidir və rəsmi bəyannamələrə görə, mallar sanki tək bir ölkə daxilində hərəkət etməlidir.

Amma praktikada sərhədin də özünəməxsus həyatı var.

...Minskin etirafına görə, Belarus üçün Rusiya bazarı əsasdır. Müxtəlif hesablamalara görə, ölkənin ərzaq ixracatının yarıdan çoxu Rusiyaya gedir. Buraya ət, süd məhsulları, tərəvəz, meyvə və emal olunmuş qidalar daxildir.

Və məhz buna görə də hər bir belə hadisə - hətta bir neçə ton olsa belə - simvolikdir. Çünki bu, iqtisadi münasibətlərin əsl arxitekturasını ortaya qoyur.

Nəzəri olaraq, bu, birlikdir. Praktikada isə bu, buldozerlə sərhəddir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə