İran XİN Xameneinin ölümünü təkzib edir

İsrail mənbələrinə istinadən medianın verdiyi məlumata görə, ABŞ və İsrail hərbi hava hücumları Ali Rəhbər Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkianı hədəf alıb. Peyk görüntüləri Xameneinin Tehrandakı iqamətgahının tamamilə dağıdılmasını göstərib və bu da medianın ayətullahın hücumlardan sonra ictimaiyyətin gözündən itdiyini iddia etməsinə səbəb olub. İİKK komandirinin və İran müdafiə nazirinin mümkün ölümü ilə bağlı məlumatlar da yayılıb.

İran xarici işlər naziri isə bildirib ki, "demək olar ki, bütün vəzifəli şəxslər sağ-salamatdır". Onun sözlərinə görə, əməliyyatın nəticəsi hələlik məlum deyil. Bu arada, İranın Mehr xəbər agentliyi mənbəyə istinadən iddia edir ki, Məsud Pezeşkian xəsarət almayıb.

Tasnim xəbər agentliyinin məlumatına görə, prezident sarayı və Əli Xameneinin iqamətgahının yerləşdiyi əraziyə ən azı yeddi raket atılıb.

The New York Times qəzeti Xameneinin Səədbad Sarayındakı iqamətgahının tamamilə dağıdılmış və xarabalığa çevrildiyini göstərən peyk görüntülərini dərc edib. Fotoşəkildə binanın qalan çərçivəsinin qara küllə örtüldüyü görünür.

Reuters əvvəlcə Xemeneinin hücumlar zamanı Tehranda olmadığını və təhlükəsiz yerə aparıldığını bildirmişdi. Lakin bundan sonra İsrail mediası İranın Böyük Ayətullahının ölüm ehtimalı barədə məlumat verməyə başlayıb. The Times of Israel qəzeti İsrail rəsmilərinə istinadən xəbər verib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Məhəmməd Pakpur hücumlar zamanı öldürülmüş ola bilər. O, İsrailin 2025-ci ilin iyun ayında sələfi Hüseyn Səlamini öldürməsindən sonra İİKK-ya rəhbərlik edib.

İranın müdafiə naziri Əziz Nəsirzadə də İsrail hücumlarının mümkün qurbanları arasında qeyd olunub.

28 fevral axşamı Reuters agentliyi yüksək vəzifəli İsrail rəsmisinə istinadən bildirib ki, səhər İsrail hücumundan sonra Xameneinin cəsədi onun sarayının dağıntıları altından çıxarılıb. Onun kürəkəni və gəlini də öldürülüb. Axios müxbiri Ravid Barak bunu təsdiqləyib. Təfərrüatlarla tanış olan mənbənin sözlərinə görə, İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter Vaşinqtondakı yüksək vəzifəli şəxslərə Xameneinin ölümü barədə məlumat verib.

İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə saat əvvəl Ayətullahın ölümü barədə danışaraq, Xameneinin öldüyünə dair "bir çox əlamət" olduğunu bildirib. Mediada yayılan məlumatlara görə, Ayətullahın cəsədinin dağıntılar altından çıxarılması ilə bağlı sənədlər İsrail kəşfiyyat icmasına və Baş nazirə təqdim edilib.

"Hər şey öz yerində": İranda deyirlər

İran Əli Xameneinin ölümünü təsdiqləməyib. Bundan əlavə, İranın xarici işlər naziri Abbas Araqçi NBC News-da Ali Liderin ölümünü təkzib edib. "Bildiyim qədəri ilə, bəli, onlar sağdırlar, məhkəmə rəhbəri, parlament rəhbəri, bütün yüksək vəzifəli şəxslər və Milli Təhlükəsizlik Şurasının katibi də sağdır. Beləliklə, indi hər kəs öz yerindədir, biz bu vəziyyətlə məşğuluq və hər şey qaydasındadır", - deyə nazir bildirib.

Eyni zamanda, o, bir neçə yüksək rütbəli hərbçinin ölümünü etiraf edib: "Bir neçə komandirimizi itirə bilərik, amma bu, o qədər də böyük problem deyil".

Bir neçə saat əvvəl Əl-Aləm TV İranın Ali Liderinin "bir neçə dəqiqə ərzində" bəyanat verəcəyini açıqlayıb, lakin dərc olunduğu vaxt Xamenei hələ bəyanatı yayımlamamışdı.

Livan Əl-Mayadeen telekanalı Tehrandakı mənbəyə istinadən iddia edir ki, ayətullah 2025-ci ilin iyun ayında 12 günlük müharibə zamanı etdiyi kimi, əməliyyat otağındadır və oradan hərbi əməliyyatlara rəhbərlik edir.

İranın Mehr xəbər agentliyi İİKK-yə istinadən bütün komandirlərin "sağlam vəziyyətdə" olduğunu bildirir.

Axios xəbər verir ki, ABŞ zərbələri İranın raket proqramını və buraxılış qurğularını hədəfə alıb, İsrailin hərəkətləri isə raket infrastrukturu ilə yanaşı, yüksək vəzifəli İran rəsmilərini də məhv etməyə yönəlib.

ABŞ Prezidenti Donald Tramp əməliyyatın başlamasına Floridadakı Mar-a-Lago iqamətgahından Müdafiə Naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə birlikdə nəzarət edib. Amerika lideri İrana qarşı kampaniyanı "kütləvi və davamlı" adlandırıb və ABŞ hərbi qulluqçuları arasında mümkün itkilər barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə