Tramp iki konqresmen qadının ABŞ-dan qovulmasını tələb edib..?

Konqres üzvləri İlhan Ömər və Rəşidə Tlaib çərşənbə axşamı günü etdiyi çıxışlarında Trampı tənqid ediblər...

...ABŞ prezidenti Donald Tramp iki Demokrat konqres üzvü İlhan Ömər (Minnesota ştatından, Demokrat- A.B.) və Rəşidə Tlaib (Miçiqan ştatından, Demokrat-A.B.) adlı iki konqres üzvünün "ruhi xəstəxanaya" yerləşdirilməsini və ata-baba yurdlarına geri göndərilməsini tələb edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, “Birliyin vəziyyəti” haqqında çıxış zamanı qızğın mübahisələrindən bir gün sonra baş verib.

...Deməli, Tlaib və Ömər çərşənbə axşamı günü etdiyi çıxışlarında Trampı tənqid ediblər.

Çıxış zamanı konqresmenlər Trampa qışqırıblar: "Siz amerikalıları öldürürsünüz", İlhan Ömər də onu "yalançı" adlandırıb.

Çərşənbə günü Tramp sosial media platforması olan Truth Social-da iki konqresmen qadının “dəli insanlar kimi şişkin, qanlı gözləri var idi... onlar dəlidirlər... əqli cəhətdən qeyri-sabit və xəstədirlər... düzünü desəm, ruhi xəstəxanaya yerləşdirilməli olduqları görünürlər” - deyə yazıb.

O, əlavə edib ki, “...onları gəldikləri yerə qaytarmalıyıq... ən qısa zamanda”...

Utancverici bəyanatlar...

Tlaib sosial mediada yazıb ki, Trampın şərhləri onun "dəlilik vəziyyətində" olduğunu göstərir.

Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris Trampın Ömər və Tlaibə qarşı açıqlamalarının tonunu "ksenofobik" və "utancverici" adlandırıb.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) da Trampın açıqlamalarını irqçi adlandırıb.

Təşkilatın milli direktor müavini Edvard Əhməd Mitçell bildirib ki, “...ABŞ-dan olan iki müsəlman konqresmen qadının sadəcə İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən amerikalıların güllələnməsini tənqid etdikləri üçün doğulduqları və ya əcdadlarının ölkələrinə geri göndərilməsini təklif etməsi irqçi və qərəzlidir”.

İmmiqrasiya siyasətinə tənqid...

Xatırladaq ki, Trampın immiqrasiya siyasəti yanvar ayında Minnesotada iki ayrı atışmadan sonra tənqid atəşinə tutulub. Qeyd edək ki, bu atışmada Amerika vətəndaşları federal agentlər tərəfindən öldürülüb.

2026-cı ilin əvvəlindən bəri ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) saxlama mərkəzlərində ən azı səkkiz nəfər ölüb, ötən il isə ən azı 31 ölüm hadisəsi baş verib.

Çərşənbə axşamı günü "Birliyin vəziyyəti" adlı çıxışında Tramp yenidən Somali-Amerikalıları fırıldaqçılıqda günahlandırıb və "Somali kibercinayətkarlarının" Minnesotanı talan etdiyini iddia edib.

Onun administrasiyası fırıldaqçılıq iddialarından Minnesotada silahlı federal immiqrasiya agentlərini yerləşdirmək üçün əsas kimi istifadə edir və tədbirləri fırıldaqçılıqla mübarizə və vətən təhlükəsizliyini gücləndirmək üçün bir vasitə kimi təqdim edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə